04/07/2025
Kino sənayesinə vergi güzəştləri tətbiq olunacaq
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2025-ci il iyulun 1-dən etibarən kino sənayesinin inkişafını stimullaşdırmaq məqsədilə aşağıdakı vergi güzəştləri qüvvəyə minir:
Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçən və film istehsalı və dublyajı fəaliyyəti ilə məşğul olan kinematoqrafiya müəssisələri və filmin prodüserləri bu fəaliyyətlərdən əldə etdikləri mənfəətin 90 faizi üzrə 5 il müddətinə mənfəət vergisindən azad olunurlar;
Film istehsalı və dublyajı sahəsində fəaliyyət göstərən fiziki şəxslər və prodüserlər həmin fəaliyyətlərdən əldə etdikləri gəlirin 90 faizi üzrə 5 il müddətinə gəlir vergisindən azad edilirlər;
Film istehsalı, yayımı və dublyajı sahəsində fəaliyyət göstərən kinematoqrafiya müəssisələri və prodüserlərin istifadə etdikləri obyektlərin yerləşdiyi torpaqlar 5 il müddətinə torpaq vergisindən azad edilir;
Filmin istehsalı, yayımı və dublyajı fəaliyyətlərinə aid olan qeyri-maddi aktivlər (məsələn, ssenarilər, musiqi əsərləri və s.) üzrə müəllif hüquqlarından istifadə və ya istifadə hüquqlarının verilməsindən əldə olunan royalti gəlirləri 5 il müddətinə 14 faiz dərəcə ilə ödəmə tətbiq edilən vergidən azad olunur.
Bu dəyişikliklər Azərbaycan kino sənayesinin inkişafına töhfə vermək və yerli istehsalın təşviqi məqsədi daşıyır.