24/08/2026
Dəyərlilərimizi sevərək
“Hər millətin Yezidinin düşməniyəm”
(“Qurdlar vadisi” serialından)
Bütün mübarizə aparanlar dəyərli deyil və mənim də bütün mübarizə aparanlara hörmətim yoxdur. Mübarizə aparanların arasında elələri var ki, bu yola məcburiyyətdən, şəxsi səbəblərdən qoşulublar; işləri düzəlsin, qaydaya düşsün, çıxıb gedəcəklər. Bəziləri də var, mənəvi dəyərləri iki qəpikdən ucuz, bir qəpikdən bahadır. Adları məşhurdur sadəcə, çoxları da elə bilir onlar şəxsiyyətdir. Tanısalar...
Bir də mübariz insanlar var. Mübariz!
Bütün varlığı ilə, bütün ruhuyla!
Onlar üçün xoşbəxtlik mübarizədədir, mübarizənin özüdür. Bu insanları daima haqsızlıqla cəng-cidalda, vuruşda görərsən. Dayanmaq nədir bilməzlər, yorulmaq nədir bilməzlər. Haqsızlığa qarşı durmaqdan zövq almazlar, zövq almaq nədir? Haqsızlığa, zalımlara qarşı durmaq, məzlumun yanında olmaq, lazım gəlsə canını sipər etmək onların sadəcə seçimi deyil, aşiq olduqları həyat tərzidir.
Aşiqdirlər! Aşiq!
Əlbəttə, ona görə də bir çoxu, xüsusən şəxsi mənfəət üçün mübarizəyə qoşulanlar, mübarizədən getmək istəyib, amma adı “mübariz adam” kimi tanınıb deyə gedə bilməyənlər bu aşiqləri anlamazlar, onları dəli hesab edərlər.
Sadə, çox sadə bir səhnədir, təsəvvür etmək çətin deyil:
Bu dünyada yeri, göyü zülmü ilə inlədən zalımlar varmı? Var! Olub, indi də var. Hə..., bir də bu zülmü ilə yer-göy ağladanlara qarşı, onların bunca zülmündən qorxmayıb duranlar necə, varmı? Var! Belələri kəfənlərini əvvəlcədən geyinənlərdir.
Sahib Rüstəmli kimi!
Deyirlər, Əli əleyhissalamın sözüdür: “Məzlumun zalımı olma, zalımın zalımı ol.”
Böyük sözdür, çox böyük sözdür.
Sahib bəy öz ömrünə baxanda yazır ki, ağlı söz kəsəndən güclünün deyil, zəifin yanında olub, məktəb illərindən, tələbəlikdən, sonrakı həyatından bəri xırda bir ədalətsizliyə belə susa bilməyib və Xalq hərəkatı başlayana qədər bu mübarizəni tək aparıb. Sonra özü üçün belə bir qənaətə gəlib: “Xaliqə ibadət məxluqa xidmətdir.” Və bu xidmətin ən mühüm tərəflərindən birini də məxluqa zülm edənlərlə mübarizədə görüb. Mənim tanıdığım Sahib Rüstəmlinin əqidəsindən güc aldığı, öyrəndiyi bir Əli əleyhissalam var, bir də əqidə dostu olduğu, özünə lider bildiyi Əli Kərimli.
Mənəviyyat insanıdır Sahib bəy. Şəhidlik zirvəsinə yetişmək ən böyük istəklərindən, arzularından biri olub. “Eşq səfəri” Kərbəlaya payi-piyada gedib, şəhidlik məktəbini öyrəndiyi Ustadı İmam Hüseynin (ə.) ziyarətinə.
Məncə, ruhən şəhid olub qayıdıb.
Qarabağda döyüşüb, döyüşə gedəndə şəhid olmaq istəyib. Özünün təbirincə desək, bu zirvəyə yetişə bilməyib. Sonuncu Qarabağ savaşında iştirakına da icazə verilməyib. Rusiya Ukraynaya hücum edəndə isə “hər millətin Yezidinə düşmən olan” Sahib bəy Ukrayna uğrunda döyüşlərə yollanmaq istəyib, amma bu da mümkün olmayıb.
Sahib bəy özü yazır ki, üç dəfə şəhid olmaq niyyəti ilə evdən çıxıb, amma Allah nəsib etməyib. Bax, mən də məhz burada onunla qəti razı deyiləm. Sahib bəy şəhiddir.
Bu ölkədə hər səhər yerindən qalxan, ilk işi gözlərini açan kimi yenidən haqsızlığa qarşı durmaq olan mübariz insan əslində kəfənini də elə həmin an əyninə geyinir. Bu ölkədə mübariz insan hara gedir-getsin, kəfəni əynində olmalıdır. Mənim tanıdığım Sahib Rüstəmli də mən onu tanımadığım vaxtlardan belə edib həmişə.
Belə edib, belə edir və belə də edəcək.
Sahib bəy 70 illik ömrünə baxıb deyir ki, iki arzusu qalıb. Biri Azad Azərbaycanı görməkdir ki, bir ömür apardığı mübarizənin nəticəsini görsün. O biri isə şəhid olmaqdır.
Birinci arzunda mən də səninləyəm, əzizim. İkinci arzun barədə isə fikrimi yazdım. Məncə, sən o kəfəni çoxdan geyinmisən.
Səni çox istəyirəm, lap çox. Sən artıq 70-i tamamlayıb səkkizinci onilliyinə qədəm qoymusan, amma insan sənə baxanda yaşdan çox içindəki o tükənməyən mübarizə eşqini görür. Mən istəyirəm ki, Allah sənə möhkəm can sağlığı, uzun ömür versin, o çox arzuladığın Azad Azərbaycanı öz gözlərinlə görəsən və bir gün geriyə baxıb deyəsən ki, bu qədər təzyiqə, təqibə, məhrumiyyətə, ağrıya baxmayaraq, bu yolun hər addımına dəyib, hər addımına.
Bu yazdığım da, əslində, ad günü təbriki deyil. İlk başda yazdığım kimi, “Dəyərlilərimizi sevərək” yazdığım sözlərdir, vəssalam.
Sahib bəy, 70-in mübarək.
Səni həmişə Həzrəti Peyğəmbərimizin (s.ə.s.) əmisi Həmzəyə bənzətmişəm.
70-in mübarək, Səhra Aslanı!