09/12/2025
Avropa razılığa gəldi: Ukraynaya dəstək, Putinə təzyiq
Dauninq Stritin məlumatına görə, Ukraynanın Avropa müttəfiqləri Moskvanın "vəhşi" müharibəsinə son qoymaq səylərinin "kritik anda" olduğunu söyləyiblər.
Müttəfiqləri Ukraynaya dəstəyini artırmaq və Rusiya prezidenti Vladimir Putinə daha çox iqtisadi təzyiq göstərmək barədə razılığa gəliblər.
Hazırda həm Ukrayna, həm də Rusiya ötən ay ABŞ prezidenti Donald Tramp tərəfindən müharibəyə son qoymaq üçün irəli sürülən 28 maddəlik planı təkmilləşdirməyə davam edir.
Zelenski bazar ertəsi günü Fransa, Almaniya və Birləşmiş Krallıq liderləri ilə görüşdən sonra Londonda jurnalistlərə bildirib ki, "amerikalıların əhval-ruhiyyəsi, prinsipcə, kompromis tapmaqdır. Əlbəttə ki, ərazi ilə bağlı mürəkkəb məsələlər var və orada hələlik kompromis tapılmayıb".
Avropa Trampın təzyiqi altında Zelenskiyə dəstəklərini göstərməyə çalışırlar.
Tramp bazar günü Zelenskidən "məyus olduğunu" bildirib və onu ABŞ tərəfindən dəstəklənən son təklifləri oxumamaqda günahlandırıb.
Londondakı görüşdən sonra Zelenski Finlandiya, İtaliya, Polşa, Norveç, Hollandiya, Danimarka, İsveç və Türkiyə liderlərinin də dəstəklərini ifadə etmək üçün çağırışa qoşulduğunu bildirib.
Daha sonra Zelenski, Brüsselə gedib və orada Avropa Birliyi və NATO liderləri ilə görüşüb, sonra isə Baş nazir Giorgia Meloni ilə görüşmək üçün İtaliyaya gedib.
Bu arada, Kreml bildirib ki, Ağ Ev tərəfindən irəli sürülən ABŞ-ın son milli təhlükəsizlik strategiyası əsasən Rusiyanın mövqeləri ilə uyğun gəlir. Yeni ABŞ sənədi Avropa liderlərini tənqid edir, NATO-nun genişlənməsinə şübhə ilə yanaşır, qitədəki ifrat sağçı partiyaları dəstəkləyir və Rusiya ilə daha yaxşı və sabit münasibətlər axtarır.