
20/10/2023
Azərbaycan İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov son hadisələr zamanı Yaxın Şərqdə mülki əhali arasında artan itkilərlə bağlı narahatlığını da bölüşüb:
XİN qeyd edir ki, nazirin çıxışında dinc insanların həyatına qarşı təhlükənin, habelə mövcud vəziyyətin gərginləşdirilməsinin qarşısının alınması istiqamətində mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyi vurğulanıb.
“Münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlərin narahatlıq doğurduğu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə sülh danışıqlarına təhdid törədən addımlara qarşı beynəlxalq ictimaiyyətin birgə səylərinin əhəmiyyəti qeyd olunub”, – deyə XİN-in məlumatında bildirilir.
Bayramov həmçinin Azərbaycanın Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini də bildirib.
“Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib”, – deyə rəsmi məlumatda vurğulanır.
Nazir həmçinin qeyd edib ki, Azərbaycan fələstinli qaçqınlara dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar ayırıb.