Azərbaycan Dövlət Film Fondu

Azərbaycan Dövlət Film Fondu Azərbaycan Dövlət Film Fondu

05/11/2025

Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən yeni fotosənədlər daxil olub. Təqdim olunan fotosənədlər 1974-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Qatır Məmməd” filminin çəkiliş prosesini əks etdirir.

7 noyabr saat 15:00-da Azərbaycan Dövlət Film Fondunda Zəfər Günü münasibətilə tədbir keçiriləcək.Tədbirdə 2024-cü ildə ...
03/11/2025

7 noyabr saat 15:00-da Azərbaycan Dövlət Film Fondunda Zəfər Günü münasibətilə tədbir keçiriləcək.

Tədbirdə 2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin keçirdiyi “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi”ndə qalib gəlmiş ekran əsərlərindən biri olan “Qayıdış” sənədli filmi nümayiş olunacaq. “Karvan Production” və “Rental Azerbaijan” şirkətləri tərəfindən istehsal olunmuş filmin rejissoru Elməddin Alıyev, prodüserləri Emil Nəcəfov və Elməddin Alıyevdir. Film bir ailənin 30 ildən sonra Laçına qayıdışından bəhs edir.

Giriş sərbəstdir.

Rejissor Vaqif Behbudovun doğum günüdür. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Vaqif müəllimə cansağl...
03/11/2025

Rejissor Vaqif Behbudovun doğum günüdür. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Vaqif müəllimə cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Vaqif Qulam oğlu Behbudov 1938-ci il noyabr ayının 3-də Bakıda anadan olub. Kinoya olan marağına görə Sankt-Peterburq şəhərinə gedib, Dövlət Kino və Televiziya Universitetinə qəbul olunub. Universiteti bitirdikdən sonra (1961) vətənə qayıdan gənc kinematoqrafçı Azərbaycan Televiziyasında çalışıb, burada cizgi filmləri istehsalının təməlini qoyub. Əvvəlcə kinooperator, sonra isə kinorejissor kimi filmlər çəkib.

Operator kimi “Danışan işıqlar”, “Qırmızılar, qaralar və başqaları”, “İlham”, “Yayın bir günündə”, rejissor kimi “Göyçək Fatma”, rejissor-operator kimi “Sağ ol, dostum”, “Ustalar, qızıl əllər”, “Basatın igidliyi”, “Xeyirli nağıl”, “Qız qalası”, “Qurbanəli bəy”, “Qara leylək”, “Sehrli çıraq”, “Başlanğıc”, “Analar və laylalar” animasiya filmlərini ekranlaşdırıb. Müəllifi olduğu animasiya filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında mükafatlara layiq görülüb.

Animasiya filmlərindən başqa operator kimi müxtəlif mövzulu sənədli filmlərdə çalışıb. “Üzeyir Hacıbəyov”, “Bizim Şamama”, “Təsnif”, “Şövkət Ələkbərova” və digər sənədli filmləri ərsəyə gətirib.

Sənədli kinoda əsasən portret janrına üstünlük verən kino xadimi (“Nailə”, “Kamil”, “Özümlə heç nə aparmayacağam” (Əzizə Cəfərzadə), “Əbədi zirvə”, “Müslüm Maqomayev −55”, “Bağlı qapı” (akademik Əziz Əliyev), “Sənsiz” (akademik Zərifə Əliyeva), “İlmələrdə yaşayan həyat” (rəssam Kamil Əliyev) həmçinin, rejissor kimi “Mənlə mən arasında”, “Azərbaycan Respublikasının təhlükəsizlik orqanları”, “Sənsiz”, “Bakı-SOS uşaq kəndi”, “Kərpickəsən kişi”, “Sirli salnamələr”, “Girdman”, “Yeraltı şəhərin izi ilə”, “Lahıc”, “Azərtac-85”, “Bakı SOS uşaq kəndi” və digər sənədli filmləri çəkib.

Uzun illər kino sahəsində çalışan, bacarıq və istedadını sevdiyi sənətin inkişafına sərf edən Vaqif Behbudov kinoda göstərdiyi xidmətlərə görə Azərbaycan Dövlət və “Humay” mükafatlarına layiq görülüb, Xalq artisti fəxri adını alıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Bəstəkar Emin Sabitoğlunun doğum günüdür.Kinonu musiqisiz təsəvvür etmək çətindir. Filmlərə yazılan melodiyalar  ekran h...
02/11/2025

Bəstəkar Emin Sabitoğlunun doğum günüdür.

Kinonu musiqisiz təsəvvür etmək çətindir. Filmlərə yazılan melodiyalar ekran hadisələrinin məzmununu, dövrün ab-havasını tamaşaçıya aydın çatdırır, ekran personajlarının daxili aləmini, xarakter və düşüncələrini, psixologiyalarını emosionallıqla şərh edir. Məhz bu mənada filmlərin uğur qazanmasında, sevilməsində, baxılmasında kino bəstəkarlarının əməyi böyükdür.

Görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Emin Sabitoğlunun filmlərə yazdığı musiqilər də Azərbaycan kinosunun inkişafında əhəmiyyətli rol oynayıb, ekran əsərlərinin məna dəyərinin artmasına, məzmununun açılmasına, hadisələrin dəqiq şərhinə imkan yaradıb.

İstedad alın yazısıdır. Onu zamanında doğru səmtə istiqamətləndirmək xoşbəxtliyin, uğurun başlanğıcıdır. Azərbaycanın məşhur komedioqrafı, yazıçı, dramaturq Sabit Rəhmanın ailəsində dünyaya gələn (02.11.1937) gələcəyin məşhur bəstəkarı Emin Sabitoğlu da hələ kiçik yaşlarından musiqiyə həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Daha sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Oranı bitirdikdən sonra 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru işləyib.

Musiqinin müxtəlif janrlarında yazıb-yaradan bəstəkarın yaradıcılıq imkanları çoxşaxəlidir. Könül oxşayan musiqiləri, xalqımızın mədəni irsinə çevrilən, milli ruhumuzu tərənnüm edən mahnıları bu gün də dillər əzbəridir. Yaradıcılığında xüsusi yer tutan, uzun illərdir müstəqil həyatını yaşayan bənzərsiz, yaddaqalan kino musiqiləri, mahnıları da nəsillərin sevərək zümzümə etdiyi, dinlədiyi ölməz musiqi əsərləridir.

Emin Sabitoğlu kino musiqisinə hələ tələbəlik illərindən maraq göstərib. 40-dan artıq bədii və sənədli filmə musiqi yazıb. Kino yaradıcılığı “Dağlarda zavod” (1962) sənədli filmi ilə başlayıb. Bundan sonra “Kür”, “Yollar və küçələrlə”, “Sabahın xeyir, Bakı!”, “Dəniz” və s. sənədli filmlərə musiqi bəstələyib.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Aktrisa Elmira Şabanovanın 85 illik yubileyidir.Aktyorluq sənəti istedaddan, bacarıqdan əlavə böyük cəsarət tələb edir. ...
31/10/2025

Aktrisa Elmira Şabanovanın 85 illik yubileyidir.

Aktyorluq sənəti istedaddan, bacarıqdan əlavə böyük cəsarət tələb edir. Milyonların qarşısında başqalaşmaq, dəyişmək, tamamilə sənə yad olan ömürləri, obrazları özününküləşdirib, nəfəs, can vermək, tamaşaçıların müasirinə çevirmək, səhnədə və ekranda ikinci bir ömrü yaşamaq, fərqli dünya yaratmaq, rolların fövqündə düşündürmək, inandırmaq, həyatın nizamında bilavasitə iştirak etmək deməkdir.

Xalq artisti Elmira Şabanova da maraqlı, yaddaqalımlı ana, nənə rollarının təfsirində etik dəyərlərin vacibliyini, önəmli amillərin (ailə dəyərləri, xeyirxah əməllərin üstünlüyü və s.) aliliyini açıqlayıb, təhlil edib. Özünəməxsus yaradıcılıq üslubu ilə yaddaşlarda iz salan, sevilən aktrisanın 85 illik yubileyidir. Çoxsaylı tamaşaçı və Dövlət Film Fondunun əməkdaşları adından sevimli aktrisamızı səmimi qəlbdən təbrik edirik, ona cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Elmira Şabanova 1940-cı ildə Bakıda, ziyalı ailəsində dünyaya göz açıb. Atası əvvəl zavod direktoru, sonra isə Ali Sovetin deputatı olub. Sənətə, ədəbiyyata böyük maraq olan ailədə elm və mədəniyyət aləmi haqqında söhbətlər, müzakirələr içərisində böyüyən gələcəyin məşhur aktrisası özü də sənət aləminin bir üzvü, təqdimatçısı, yüksək mənəvi dəyərlərin təbliğatçısı olmağı qarşısına məqsəd qoyaraq aktyorluq sənətini seçib. 1958-1962-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun əvvəlcə aktyorluq, sonra isə rejissorluq fakültəsini bitirib. Aktrisa uzun illər institutda pedaqoji fəaliyyət göstərib, paralel olaraq “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə çəkilib. 20-dən artıq filmdə çəkilərək maraqlı, dolğun ekran obrazları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Aktrisanın kinoda debüt rolu görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Əsl dost” filmindəki Leyla obrazıdır. Bundan sonra o, “Səhər” kinodramında Sevda rolunu canlandırıb. Tarixi-inqilabi dramda Aslanın nişanlısı obrazını realist səpkidə, səmimi ifada təqdim edib.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Kinorejissor, Əməkdar incəsənət xadimi Yavər Rzayevin doğum günüdür. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər ad...
31/10/2025

Kinorejissor, Əməkdar incəsənət xadimi Yavər Rzayevin doğum günüdür. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Yavər müəllimi səmimi qəlbdən təbrik edirik, ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Yavər Maarif oğlu Rzayev 1956-cı il noyabr ayının 1-də Bakıda anadan olub. 1975-1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib. Ali kino təhsilini daha da püxtələşdirmək məqsədi ilə Moskvaya gedib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1985-1990). V.Lisakoviçin emalatxanasında sənətin sirlərinə dərindən bələd olub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 1980-ci ildən  çalışan Yavər Rzayev kinoda ilk dəfə rejissor Nicat Bəkirzadənin çəkdiyi “Əlavə iz” detektiv filmində Vaqif roluna çəkilib. Filmin aparıcı rollarından biri kimi yaddaqalan personajın xarakter və həyat mövqeyini məqsəd və niyyətini  kifayət qədər aydınlıqla ifa edib. Bundan sonra “Bəyin oğurlanması”, “Qəm pəncərəsi” filmlərində rejissor assistenti kimi çalışıb. Bilik və bacarığına, sənət sevgisinə, kino təcrübəsinə arxalanaraq bir sıra sənədli filmlər ərsəyə gətirib, ümumilikdə 20-dən artıq (bədii, sənədli) filmdə işləyib.

Kinoda özünəməxsus dəst-xətti ilə seçilən rejissor “Axırıncı addım”, “Avtoportret”, “Biri var idi, biri yox idi” sənədli filmlərinin rejissoru və ssenari müəllifidir. “Dözümlü minarələr”, “Haray”, “Şərəf və ləyaqət”, “Vətəni ucaldan əməlin”, “Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” qısametrajlı sənədli filmlərinin rejissorudur. Həmçinin, “Fövqəldünya və ya qəsdsiz məntiqi səhv”, “Bizim Həsən müəllim”, “Millət naminə. Əbdülkərim bəy Mehmandarov” tammetrajlı sənədli filmlərinin rejissoru, ssenari müəllifidir. Eyni zamanda “Müstəqillik yollarında” sənədli serialını çəkib, “Keçid” sənədli filminin ssenarisini yazıb.

Rejissorun 1998-ci ildə ekranlaşdırdığı ilk tammetrajlı bədii “Sarı gəlin” filmi psixoloji dramları dərindən təhlil etmə imkanına malik olduğunu təsdiqləyib.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Kinorejissor Nicat Feyzullayevin 80 illik yubileyidir.Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar ...
31/10/2025

Kinorejissor Nicat Feyzullayevin 80 illik yubileyidir.

Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından musiqiyə, rəsm çəkməyə həvəs göstərib. Orta məktəbdə oxuyarkən riyaziyyat fənnini yaxşı mənimsədiyindən atasının məsləhəti ilə sənədlərini Azərbaycan Politexnik İnstitutuna verib, 1964-1969-cu illərdə orada təhsil alıb. Təhsil aldığı illərdə institutun nəzdində fəaliyyət göstərən həvəskarlar studiyasında bir neçə qıametrajlı film çəkib. Kinoya olan marağı da buradan başlayıb. 1970-ci ildən kinostudiyada işləməyə başlayıb. İlk işi “Gün keçdi” filmində rejissor köməkçisi olub. Daha sonra “Axırıncı aşırım”, “Qızıl qaz” filmlərində rejissor assistenti kimi çalışıb. Kino biliyini artırmaq məqsədilə Leninqrada (indiki Sankt-Peterburq) gedib, orada Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun kino və televiziya fakültəsində təhsil alıb (1973-1979). Tələbəlik illərində iki film – “Azərbaycanın memarlıq abidələri” (1976) qısametrajlı sənədli və “Arvadım mənim, uşaqlarım mənim” (1978) kinoalmanaxına daxil olan “Toy” novellasını çəkib.

İnstitutu bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasına qayıdan N. Feyzullayev burada “Anaya məktub” (1980), “Belə bir şəhər var” (1982) qısametrajlı sənədli, “Yeni evlənənlər” (1983) qısametrajlı bədii filmlərini ekranlaşdırıb. “Gümüşgöl əfsanəsi” filmində təcrübəçi rejissor kimi çalışıb. 1988-ci ildə müstəqil rejissor kimi “Yaşa, qızıl balıq” qısametrajlı bədii filminə quruluş verib.

Daha sonra bir neçə sənədli (“Məhəmməd Füzuli”, “Baba zeytun diyarında”, “Şirvanda izim qaldı”, “Qara qızılın qara üzü”, “Azərbaycan rəngkarlığının kraliçası” və s.) filmlər çəkən rejissor 2004-cü ildə “Küçələrə su səpmişəm” tammetrajlı bədii filminə quruluş verib. Film 2005-ci ildə “Humay” mükafatına layiq görülüb.

Mülayim, mədəni xüsusiyyətə malik olan Nicat Feyzullayevin sənət dostları, tanışları onun haqqında həmişə xoş danışır, müsbət xarakterli insan kimi xatırlayırlar.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Oktyabrın 31-də Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və Fondun əməkdaşları kinorejissor Nicat Feyzull...
31/10/2025

Oktyabrın 31-də Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və Fondun əməkdaşları kinorejissor Nicat Feyzullayevin 80 illik yubileyi ərəfəsində sənətkarın xatirəsini məzarı başında yad etdilər.

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış səs rejissoru Mehman Nadirovun 65 illik yubileyidir.Mehman Qəhrəman oğl...
28/10/2025

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış səs rejissoru Mehman Nadirovun 65 illik yubileyidir.

Mehman Qəhrəman oğlu Nadirov 28 oktyabr 1960-cı ildə anadan olub. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Bir çox filmlərin, həmçinin “İstanbul reysi”, “Tərsinə çevrilən dünya”, “İlahi məxluq”, “Çölçü”, “Ağ-qara gecələr”, “Axırıncı dayanacaq”, “Dərs”, “İçəri şəhər” tammetrajlı bədii filmlərinin səs rejissoru olub.

Azərbaycan Dövlət Film Fondu tanınmış kino xadimini yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayır.

Oktyabrın 27-i Ümumdünya Audiovizual İrs Günüdür.Audiovizual irs cəmiyyətin ümumi tarixinin bir hissəsidir. Buna görə də...
27/10/2025

Oktyabrın 27-i Ümumdünya Audiovizual İrs Günüdür.

Audiovizual irs cəmiyyətin ümumi tarixinin bir hissəsidir. Buna görə də onu özünəməxsusluğun, innovasiya və yaradıcılığın mənbəyi kimi qorumaq və gələcək nəslə ötürmək lazımdır. Filmlərin, səsli materialların, radio və televiziya proqramlarının saxlanıldığı arxivlər çoxsaylı təhlükələrə, texnologiyanın köhnəlməsi və digər təsirlərə məruz qalır. Bu səbəbdən də YUNESKO audiovizual irsi ümumi gücün mənbəyi kimi qorumaq məqsədilə dünya ölkələrinin hökumətləri ilə əməkdaşlıq edir.

Ümumdünya Audiovizual İrs Günü (ing. World Day for Audiovisual Heritage) 2005-ci ildə YUNESKO və Audiovizual Arxivlər Assosiasiyasının təşəbbüsü ilə cəmiyyətdə səsli və audiovizual sənədlərin qorunmasının əhəmiyyəti barədə məlumatlılığı artırmaq məqsədilə təsis edilib.

Bu il dünyada Ümumdünya Audiovizual İrs Gününün təsis edilməsinin 20 illiyi qeyd olunur.


Rejissor Akif Rüstəmovun 80 illik yubileyidir.Tanınmış kinematoqrafçı, Əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Resp...
27/10/2025

Rejissor Akif Rüstəmovun 80 illik yubileyidir.

Tanınmış kinematoqrafçı, Əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2024) Akif Rüstəmov yubiley yaşını qeyd edir. Ömrünün 55 ildən çoxunu milli kinomuzun inkişafına həsr edən, həmkarlarının və kinosevərlərin böyük rəğbətini qazanan A.Rüstəmov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 50-dən çox filmdə ikinci rejissor kimi çalışıb, filmlərin istehsal prosesində əlindən gələn köməyi əsirgəməyib. Dövlət Film Fondunun əməkdaşları və çoxsaylı kinosevərlər adından qocaman kino işçisini yubiley yaşı münasibəti ilə ürəkdən təbrik edirik. Ona möhkəm cansağlığı, işlərində uğurlar diləyirik.

Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib (1968). İlk dəfə kinorejissor A.Babayevin “Uşaqlığın son gecəsi” melodramında rejissor assistenti işləyib (Murad Məlikovla birgə). Bundan sonra bir sıra müxtəlif janrlı filmlərdə, o cümlədən “Sevil” film-operasında (E.Əliyeva, A.Əliyevlə birgə), “Gün keçdi” filmində rejissor assistenti, “Qızıl qaz”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami”, “Dərviş Parisi partladır”, “Bağ mövsümü”, “Burulğan”, “Təxribat”, “Güllələnmə təxirə salınır”, “O dünyadan salam”, “Ölüm növbəsi” (Ə.Həsənovla birgə), “Küçələrə su səpmişəm” və digər filmlərdə ikinci rejissor kimi çalışıb. Filmlərin ərsəyə gəlməsində, uğur qazanmasında böyük xidmətlər göstərib.

“Kino belədir ki, başladınsa, gərək 24 saat işləyəsən. Hətta yuxuda da işləyirsən. Başqa cür ola bilməz” – deyən A.Rüstəmovun sənət məqsədi məsləyində daim uğura imza atmaq, həmkarlarına əsl dost, sənət bilicisi kimi yardımçı olmaq olub. Bu diləklə də, sözün əsl mənasında kino zəhmətkeşi olaraq filmlərin ərsəyə gəlməsində böyük səylə çalışıb.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Kinoaktrisa Nəcibə Məlikovanın doğum günüdür.Xalq artisti, Azərbaycan teatr, kino sənətinin inkişafında müstəsna xidmətl...
25/10/2025

Kinoaktrisa Nəcibə Məlikovanın doğum günüdür.

Xalq artisti, Azərbaycan teatr, kino sənətinin inkişafında müstəsna xidmətləri olan Nəcibə Məlikovanın anadan olmasının (25.10.1921) ildönümüdür. Unudulmaz aktrisanın xatirəsi sənətsevərlər üçün əzizdir. Sənəti hər zaman ali səviyyədə təqdim edən aktrisanın məzmunlu teatr rolları, kino obrazları bitkinliyinə, dolğunluğuna görə seçilən zəngin sənət nümunələridir.

Aktrisanın yaradıcılığının uğurunu əzmkarlığına, iradəsinə, həmçinin dövrü üçün önəmli olan cəsarətinə hesablamaq olar. Belə ki, həmin illərdə sənət məktəbinə çox az sayda azərbaycanlı xanım üz tutardı. Bunun başlıca səbəbi isə ailələrin qızlarının aktrisa olmasını, sənətə gəlməsini istəməməsi idi. Nəcibə Məlikovanın yüksək sənət təqdimatı, nailiyyətinin ardıcıllığı onlarla qadının sənətə gəlməsinə, milli kadrların çoxalmasına, sənətin inkişafına səbəb olurdu.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində sənət dərsi alan aktrisanın ilk sənət müəllimi Respublikanın Xalq artisti Fatma Qədri olub (1940-1943). Hələ tələbəlik illərində “1905-ci ildə” (C.Cabbarlı), “Dağılan tifaq” (Ə.Haqverdiyev) tamaşalarında oynadığı maraqlı rolları ilə müəllim və tələbə heyətinin hörmətini qazanıb. Texnikumu bitirəndən sonra öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə başlayıb. Bir müddət sonra ali təhsil almaq məqsədilə Bakıya qayıdıb, burada yenicə təşkil olunan Teatr İnstitutuna daxil olub. Görkəmli teatr xadimlərindən Adil İsgəndərovdan, Rza Təhmasibdən, Kazım Ziyadan sənət sirlərini öyrənib. 1952-ci ildən etibarən Milli Dram Teatrında çalışıb, paralel olaraq filmlərə çəkilib. Teatr fəaliyyətində qısa fasilələr yaransa da, ömrünün sonunadək Akademik Teatrda çalışıb. Dramatik obrazlarla yanaşı komediya janrlı tamaşalarda da uğur qazanıb.

Daxili gözəlliyindən, istedad və bacarığından rollarına pay bölən aktrisa teatrda az bir müddət ərzində tanınsa da, kino onu daha çox məşhurlaşdırdı. 10 filmdə irili-xırdalı rol canlandıran Nəcibə xanım kiçikplanlı obrazlarını belə yaddaşlara yazmağa, kino salnaməmizin siması olmağa nail oldu.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124040485

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Film Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Dövlət Film Fondu:

Share