AbzasMedia

Website

AbzasMedia Azad və peşəkar media platforması

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəs...
15/10/2026

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onu inzibati məsuliyyətdən azad edib.

“Abzas Media”nın əldə etdiyi məlumatlara görə, işlərin hamısına hakim Rauf Daşdəmirov baxıb. İlk işə 2026-cı il fevralın 10-da, sonuncusuna isə oktyabrın 7-də xitam verilib.

Qərarların heç birində şəxsin adı açıqlanmayıb. Yalnız onun 1976-cı ildə Ağdaş rayonunda doğulduğu və Milli Məclisin deputatı olduğu göstərilib. Doğum ili və yeri parlamentin saytında Məzahir Əfəndiyev haqqında verilən məlumatlarla üst-üstə düşür.

Deputat barəsində protokollar İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunub və Yasamal Rayon Polis İdarəsindən məhkəməyə göndərilib.

Bu maddəyə görə, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək məhdudlaşdırılır.

Ətraflı oxumaq üçün şərhdəki linkə keçid edin.

Brüsseldə siyasi sammitə qatılmağa gedən gürcü müxalifətçi Zurab Caparidze Türkiyədə hava limanında saxlanılıb. Onun bu ...
15/10/2026

Brüsseldə siyasi sammitə qatılmağa gedən gürcü müxalifətçi Zurab Caparidze Türkiyədə hava limanında saxlanılıb. Onun bu gün - oktyabrın 15-də Gürcüstana qaytarılacağı bildirilib.

Avropa Naminə Liberallar və Demokratlar Alyansının (ALDE) oktyabrın 14-də yaydığı məlumata görə, siyasətçi kameraya yerləşdirilib, pasportu və baqajı götürülüb. O, Avropa Parlamentinin “Renew Europe” siyasi qrupunun liderlər sammitində iştirak etməli idi.

Caparidze bildirib ki, başqa aviaşirkətin reysinə keçmək istəyərkən sərhəd nəzarətində saxlanılıb.

“Mənə izah etdiklərinə görə, 2025-ci ilin noyabrından Türkiyəyə girişimə qadağa qoyulub. Gürcüstanın rəsmi qurumlarından mənimlə bağlı hansısa məlumat alıblar”, - siyasətçi yazıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi belə bir qadağa tələb etmədiyini açıqlayıb. Prokuror Laşa Kotrikadze də prokurorluğun Türkiyədən qadağa istəmədiyini, Caparidzenin ölkədən çıxmasına razılıq verildiyini bildirib.

Bununla belə, “Azadlıq Radiosu”nun gürcü xidməti 2026-cı ilin aprelində Gürcüstanın Caparidze və daha iki müxalifətçi barədə məlumatları İnterpol vasitəsilə Türkiyəyə göndərdiyini yazmışdı. Nəşrin istinad etdiyi sənədlərə görə, Türkiyə tərəfi məlumatları onların ölkəyə girişinə qadağa qoyulması üçün aidiyyəti qurumlara ötürüb.

Caparidze ALDE-yə üzv “Qirçi - Daha çox azadlıq” partiyasının təsisçisidir. O, parlamentin istintaq komissiyasının iclasına gəlmədiyinə görə yeddi ay həbsdə qalıb və 2025-ci ilin dekabrında azadlığa çıxıb. Komissiya hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə keçmiş prezident Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədildiyi iddia olunan cinayətləri araşdırmaq üçün yaradılıb.

2025-ci ilin noyabrında, hələ həbsdə olarkən, Caparidzeyə sabotaj və xarici dövlətin düşmənçilik fəaliyyətinə yardım ittihamları da irəli sürülüb. O, ittihamları rədd edir. Davam edən cinayət işi ilə əlaqədar siyasətçi Gürcüstandan yalnız prokurorluğun razılığı ilə çıxa bilir.

Bakı Ağır Cinayətlər Məhkəməsi “Hürriyyət” qəzetinin və “HurriyyetTV” internet televiziyasının baş redaktoru Vüqar Məmmə...
15/10/2026

Bakı Ağır Cinayətlər Məhkəməsi “Hürriyyət” qəzetinin və “HurriyyetTV” internet televiziyasının baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) ev dustaqlığına buraxılması barədə vəsatəti rədd edib. Vəkili Rövşanə Rəhimova həbsdə olan jurnalistin səhhətinin pisləşdiyini və təcili ürək əməliyyatına ehtiyacı olduğunu bildirib.

“Azadlıq Radiosu”nun yazdığına görə, oktyabrın 14-də keçirilən iclasda müdafiəçi baş redaktorun sağlamlığındakı problemlərin onun həbsdən buraxılması üçün yeni əsaslar yaratdığını deyib.

“Onun sağ ayağı, demək olar ki, işləmir” - deyə vəkil vurğulayıb. Rəhimovanın sözlərinə görə, ev dustaqlığına buraxılması Məmmədovun həm müalicə almasına, həm də məhkəmə iclaslarında iştirakına imkan verər.

Dövlət ittihamçısı vəsatətə etiraz edib. Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Vüqar Məmmədov qərara etirazını belə ifadə edib:

“Sonsuz adamdan uşaq doğulmasını gözləmək olar, amma Azərbaycan məhkəmələrindən ədalət gözləmək olmaz”.

Xəbərin davamını şərhdəki linkə keçid edərək oxuyun.

15/10/2026

Bakıda İsrail prezidenti İsxak Hersoq çıxışa başlayarkən Türkiyə də daxil olmaqla 10-dan çox ölkənin nümayəndəsi zalı tərk edib. Onların arasında Türkiyənin xarici işlər naziri Hakan Fidan da olub.

Hadisə bu gün - oktyabrın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında baş verib. Hersoq çıxışına başlayan zaman Fidan və onu müşayiət edən nümayəndə heyəti yerlərindən qalxaraq zaldan çıxıblar.

Zalı tərk edənlər arasında İran, Pakistan və Küveyt nümayəndə heyətlərinin də olduğu bildirilir.

Fidan zirvədəki çıxışında İsraili Fələstin xalqının əsas hüquqlarını pozmaqda ittiham edib və AQEM üzvlərini bu pozuntulara qarşı mövqe göstərməyə çağırıb.

Ötən ay ABŞ-də keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında da oxşar etiraz yaşanıb. İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı boykotla qarşılanıb. 70-ə yaxın ölkənin nümayəndələri İsrailin Qəzzadakı və regiondakı hərbi əməliyyatlarına etiraz olaraq zalı tərk edib. Türkiyə də boykota qoşulan ölkələr arasında olub.

Azərbaycan nümayəndəsi isə zalda qalaraq Netanyahunun çıxışını dinləyib. Zalı tərk etməyənlər arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin təmsilçiləri də olub.

Azərbaycanın boykota qoşulmaması Türkiyə mediasında və sosial şəbəkələrdə tənqidlərlə qarşılanıb. Türkiyənin bir sıra nəşrləri Azərbaycan təmsilçisinin zalda qalmasını tənqid edərək, bunu Fələstinlə həmrəylik göstərilməməsi kimi qiymətləndiriblər.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklavlar məsələsini ərazi mübadiləsi yolu ilə həll etməy...
15/10/2026

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklavlar məsələsini ərazi mübadiləsi yolu ilə həll etməyi təklif edib. Xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistanın ərazisinin dəyişməsini nəzərdə tutan qərar ümumxalq səsverməsinə çıxarılmalıdır.

Mirzoyan oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin vitse-prezidenti İnyatsio Kassislə birgə mətbuat konfransında “Sputnik Ermənistan”ın sualını cavablandırarkən anklavların mübadiləsini mümkün həll variantlarından biri adlandırıb.

“Hər hansı razılaşmanı əvvəlcədən müəyyənləşdirmək istəmirəm. Amma deyə bilərəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinin bir hissəsi başqa dövlətə verilməli və əvəzində başqa ərazi alınmalıdırsa, yəni ərazi dəyişikliyi baş verməlidirsə, bu məsələ ümumxalq səsverməsini nəzərdə tutur. Belə də olacaq, bundan yayınmaq mümkün deyil”, - Mirzoyan deyib.

Nazir vurğulayıb ki, anklavların mübadiləsi yeganə həll yolu deyil. Onun sözlərinə görə, nəzəri olaraq, tərəflər bir-birinə mütənasib ölçüdə ərazilər də verə bilər. Mirzoyan Azərbaycan tərəfinin məsələyə yanaşmasını da “konstruktiv” adlandırıb, lakin mümkün razılaşmanın konkret şərtlərini açıqlamayıb.

Xəbərin davamını şərhdəki linkə keçid edərək oxuyun.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elməddin Muradova 30 sutka inzibati həbs verildiyi, partiyanın digər üz...
15/10/2026

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elməddin Muradova 30 sutka inzibati həbs verildiyi, partiyanın digər üzvü Mətanət Turanın isə saxlanıldığı bildirilir. Turanın qızı ilə birlikdə məhkəməyə çıxarıldığı barədə də məlumat yayılıb, lakin onun barəsində hansı qərarın qəbul edildiyi və harada saxlanıldığı məlum deyil.

AXCP-nin oktyabrın 14-də yaydığı məlumata görə, partiyanın Nərimanov rayon şöbəsinin üzvü Elməddin Muradov 30 sutka inzibati həbsə məhkum edilib. Partiya onun heç bir qanun pozuntusu törətmədiyini bildirir. Muradovun hansı inzibati xəta ilə təqsirləndirildiyi açıqlanmır.

Partiyanın digər məlumatına əsasən, Mətanət Turan oktyabrın 13-də saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb.

AXCP üzvü Gülnarə Rəhimova sosial şəbəkədə yazıb ki, Turanı polis idarəsində görən şəxsdən onun qızı ilə birlikdə məhkəməyə çıxarıldığı barədə məlumat alıb:

“Onu sonuncu dəfə Abşeron Rayon Polis İdarəsində görən şəxs mənə məlumat verib. Həmin şəxsin bildirdiyinə görə, Mətanət Turan və qız övladı Abşeron Rayon Məhkəməsinə çıxarılıb”.

Rəhimova Turan barəsindəki qərarı və onun saxlanıldığı yeri dəqiqləşdirməyə çalışdığını bildirib. O, hüquq müdafiəçilərini, ictimaiyyəti və aidiyyəti qurumları məsələ ilə maraqlanmağa çağırıb.

Son illər AXCP üzvlərinin inzibati qaydada həbs edilməsi barədə mütəmadi məlumatlar yayılır. Hazırda partiya sədri Əli Kərimli də daxil olmaqla, AXCP-nin 20-yə yaxın üzvü həbsdədir. Partiya müxtəlif ittihamlarla həbs olunan üzvlərinin siyasi fəaliyyətlərinə görə təqib edildiyini bildirir.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın oktyabrın 5-də açıqladığı yenilənmiş siyahıda 322 nəfərin adı var. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olduğunu qəbul etmir, həbs edilən şəxslərin siyasi fəaliyyətlərinə görə deyil, konkret cinayət əməllərinə görə mühakimə olunduğunu bildirir.

İranyönlü “313 Team” haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb. Qrup hücum...
15/10/2026

İranyönlü “313 Team” haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb. Qrup hücumun səbəbi kimi məktəblərdə hicaba qoyulan qadağanı göstərib. Azərbaycan rəsmiləri isə 100-dən çox dövlət domeninin hədəfə alındığını açıqlayıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin oktyabrın 14-də yaydığı məlumata görə, hücumlar oktyabrın 13-ü saat 22:00 radələrindən başlayıb. Nəticədə bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində fasilələr yaranıb. Xidmət hücumu “xarici haker qruplaşması”nın həyata keçirdiyini bildirsə də, qrupun adını və hansı ölkədən fəaliyyət göstərdiyini açıqlamayıb.

“Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılmış və saytların fəaliyyətinin davamlılığı təmin edilmişdir”, - rəsmi açıqlamada deyilir. Xidmət kibertəhlükəsizliyin təmin olunması üçün tədbirlərin davam etdirildiyini bildirib.

Xəbərin davamını şərhdəki linkə keçid edərək oxuyun.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakının Yasamal rayonunda 2016-cı ildə evləri sökülən beş nəfərin mülkiyyət hüqu...
15/10/2026

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakının Yasamal rayonunda 2016-cı ildə evləri sökülən beş nəfərin mülkiyyət hüququnun pozulduğunu müəyyən edib. Məhkəmə Azərbaycan dövlətinin şikayətçilərə maddi və mənəvi zərər, eləcə də məhkəmə xərclərinə görə ümumilikdə 137 min 900 avro ödəməsinə qərar verib.

Bu barədə AİHM-in oktyabrın 13-də açıqladığı “Rəhmanzadə və başqaları Azərbaycana qarşı” qərarında bildirilir.

İş üzrə şikayətçilər Esmira Rəhmanzadə, Zarina Nutsalova, Elina Hüseynova, Sevinc Yusifova və Nemət Zeynalovdur. Onların mənzillərini və yaşayış evlərindəki paylarını 2016-cı ilin iyulunda Yasamal Rayon İcra Hakimiyyəti söküb.

Şikayətçilər əmlaklarının qanunsuz olaraq əllərindən alındığını, evlərindən çıxarıldıqlarını və təklif olunan kompensasiyaların əmlaklarının real dəyərini qarşılamadığını bildiriblər.

Sakinlər həmçinin mülklərinin bazar dəyərinin əlavə 20 faizi həcmində kompensasiya, eləcə də köçürülmə ilə əlaqədar çətinliklərə görə daha 10 faiz ödəniş tələb ediblər.

Daha ətraflı oxumaq üçün şərhdəki linkə keçid edin.

14/10/2026

“Bir insan öz inancına görə həbs edilər? Deyirlər ki, uşaqlara psixoloji zorakılıqla hicab bağlatdırırsınız, amma göz qabağındadır ki, onlar bizim uşaqlara psixoloji zərbə vururlar”.

Maştağa qəsəbəsindəki 187 saylı məktəbin qarşısında övladının dərsə hicabla buraxılmamasına etiraz edən Şahizər Hüseynovanın saxlanıldığı bildirilir. Onun həyat yoldaşı Ağa Hüseynov “Abzas Media”ya deyib ki, Hüseynova oktyabrın 13-də günorta saatlarında saxlanılıb.

Ağa Hüseynovun sözlərinə görə, həmin gün həyat yoldaşına uşaqlarının gözü qarşısında kobud davranılıb, təhdidlər edilib.

Müsəlman Birliyi Hərəkatının üzvü olan Şahizər Hüseynovanın hazırda harada saxlanılması və ona verilən ittihamın nədən ibarət olması ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

“Meydan TV işi” üzrə həbsdə saxlanılan jurnalist Ülviyyə Əlinin (Quliyeva) məktubları və müsahibələri İtaliyada kitab şə...
14/10/2026

“Meydan TV işi” üzrə həbsdə saxlanılan jurnalist Ülviyyə Əlinin (Quliyeva) məktubları və müsahibələri İtaliyada kitab şəklində çap olunub.

Bu barədə jurnalistin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, İtaliyanın Turin Universitetində nəşr olunan kitab “Səsim həbs olunmur” (“La mia voce non si arresta”) adlanır.

İtalyan dilində hazırlanan topluya jurnalistin həbsxanadan göndərdiyi məktublar və müxtəlif vaxtlarda verdiyi müsahibələr daxil edilib.

Kitabın ön sözünü beynəlxalq insan hüquqları təşkilatı “Amnesty International”ın İtaliya bölməsinin sözçüsü Rikardo Nuri yazıb.

Ülviyyə Əli 2025-ci il mayın 7-də “Meydan TV işi” çərçivəsində həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalist ittihamı qəbul etmir.

Ülviyyə Əli həbsindən əvvəl “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. Bu media qurumundan ayrıldıqdan sonra da jurnalist fəaliyyətini davam etdirərək sosial şəbəkə hesablarında siyasi motivli hesab edilən məhkəmə proseslərini işıqlandırıb.

“Meydan TV işi” üzrə həbslər 2024-cü il dekabrın 6-da başlayıb. Həmin gün saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Ümüdova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti fəalı Ülvi Tahirov saxlanılıblar.

Sonrakı aylarda “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da eyni cinayət işi üzrə həbs ediliblər.

İş üzrə təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir.

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when AbzasMedia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share