Azərbaycan Dövlət Film Fondu

  • Home
  • Azərbaycan Dövlət Film Fondu

Azərbaycan Dövlət Film Fondu Azərbaycan Dövlət Film Fondu

Kinorejissor Yalçın Əfəndiyevin doğum günüdür.Milli kino sənətimizin tanınmış nümayəndələrindən olan, özünəməxsus yaradı...
23/07/2025

Kinorejissor Yalçın Əfəndiyevin doğum günüdür.

Milli kino sənətimizin tanınmış nümayəndələrindən olan, özünəməxsus yaradıcılıq nümayiş etdirən, Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin anadan olmasının ildönümüdür (24.07.1937). Kinosevərlərin yaddaşında istedadlı rejissor, həmkarlarının, dostlarının və yaxınlarının hafizəsində müsbət şəxsi keyfiyyətə malik insan kimi qalan rejissorun əziz xatirəsini dərin ehtiramla yad edirik, yaradıcılıq yoluna qısa nəzər salırıq.

Kinoda çalışmaq, fərqlənmək, potensialını təsdiqləmək xüsusi bacarıq, istedad və intuitiv yanaşma tələb edir. Böyük zəhmət, qabiliyyət tələb edən kinonu seçənlər müəyyən müddətdən sonra mütləq şəkildə onun ayrılmaz bir parçasına çevrilir, iştirak etdikləri filmlər vasitəsilə qəlblərimizdə, yaddaşlarımızda iz salırlar. Azərbaycan kinematoqrafiyasının inkişafında əhəmiyyətli rol oynayan kinorejissor Yalçın Əfəndiyev də yüksək sənətkarlıq keyfiyyətinə və müsbət şəxsi cəhətlərinə görə unudulmayan, xatirəsi əziz tutulan kinematoqrafçılarımızdandır.

Yalçın Əfəndiyev hələ erkən yaşlarından kinonun vurğunu olub. Buna görə də həyat eşqini, görüb-bildiklərini filmlərinə köçürmək, insanlara çatdırmaq, onlarla bölüşmək qərarına gəlib. Lakin o, valideynlərinin arzusuna görə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsini (1954-1960) bitirib. Kinematoqrafçı olmaq istəyi böyük olduğundan ikinci ali təhsil almaq qərarına gəlib. 1962-1967-ci illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Orada görkəmli sovet kinorejissorları Lev Kuleşovdan, Boris Belokurovdan peşə sirlərini öyrənib. Diplom işi kimi “Azərbaycanın palçıq vulkanları” elmi-kütləvi filmini çəkib. Ali kino məktəbini bitirdikdən sonra vətənə qayıdıb, “Azərbaycanfilm” kinostudiyasında bir il rejissor assistenti kimi fəaliyyət göstərib. Sonra isə ardıcıl olaraq müxtəlif mövzulu filmlər (sənədli) ekranlaşdırıb.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Kinorejissor, aktyor Ramiz Əzizbəylinin doğum günüdür.Yaradıcılıq eşqi daxili təlatüm, narahatlıq, həyata həddən artıq d...
20/07/2025

Kinorejissor, aktyor Ramiz Əzizbəylinin doğum günüdür.

Yaradıcılıq eşqi daxili təlatüm, narahatlıq, həyata həddən artıq diqqət və sevgidən yaranır. Yalnız belə olan halda insan sənətə bağlana, sənətlə yaşaya, ömrünü bütünlüklə sənətə həsr edə bilər. Xalq artisti, kinorejissor, aktyor Ramiz Əzizbəyli də taleyinə yazılan 73 illik ömür payının 60 ilini sənətə həsr etdi. Fərdi istedadı, zəhmətkeşliyi sayəsində milyonların sevimlisinə çevrildi, unudulmadı.

Ramiz Əzizbəylinin kino ilə ilk tanışlığı 9 yaşından başlayıb. Görkəmli kinorejissor Əjdər İbrahimovun quruluş verdiyi “Bir məhəlləli iki nəfər” (1957) filmində debüt rolunu (ayaqyalın uşaq) oynayıb. Görkəmli sənətkarlarla birlikdə çalışması hafizəsində silinməz iz buraxıb, həyatını bütünlüklə sənətə həsr etməsinə səbəb olub. Kinoya böyük sevgi duyan istedad sahibi “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə kiçikplanlı, epizod rollarda yaradıcılığını təsdiqləyib, tədricən genişplanlı, aparıcı rollara dəvət alıb. İşgüzarlığı, zəhməti nəticəsində çoxsaylı tamaşaçıların sevimlisinə çevrilib, böyük məsuliyyətinə, insanpərvərliyinə görə isə həmkarlarının, ətrafdakıların rəğbətini qazanıb.

Yaradıcılıq filmoqrafiyasına 100-dən artıq film daxil olan sənətkar, çəkildiyi, səsləndirdiyi, rejissor kimi quruluş verdiyi və mahnılarını ifa etdiyi filmlərə fərdi dəst-xətti ilə baxımlılıq gətirib, uğur qazandırıb.

50-yə yaxın “Mozalan” süjetində xarakterik rollar yaradan sənət fədaisi 20-dən artıq filmdə müxtəlif rolları, həmçinin animasiya filmlərində alleqorik personajları (“Basat və Təpəgöz”də Aruz, “Talada ev”də siçan) məharətlə səsləndirib, 30 filmdə irili-xırdalı rol oynayıb, 4 (“Pirverdinin xoruzu” qısametrajlı bədii, “Bəxt üzüyü” komediya, “Yalan” dram-müharibə, “Qovğalı kəndinin gecələri” qısametrajlı bədii-televiziya) filmə quruluş verib.

Məlahətli, məxməri səsi, güclü musiqi duyumu olan aktyor bir neçə personaja aid (“Bəxt üzüyü” və s.) mahnıları obrazlı, baməzə üslubda səsləndirib.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

17/07/2025

" Bulvarda kino axşamı"adlı yeni layihəyə start verilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı layihəyə start verilir.
Layihənin məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaqdır .
İlk nümayiş iyulun 19-na planlaşdırılıb. Həmin gün bulvarda açıq havada C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi göstəriləcək.
Seans saat 20.00 - da başlanır.
Qeyd edək ki, filmlərin nümayişi ilə yanaşı, “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənəcək. Sərgini ziyarət edənlərin sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksessuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları görmək imkanları olacaq.



Aktyor Telman Adıgözəlovun doğum günüdür.İstedad və bacarığına, özünəməxsus yaradıcılıq üslubuna görə seçilən, sevilən a...
17/07/2025

Aktyor Telman Adıgözəlovun doğum günüdür.

İstedad və bacarığına, özünəməxsus yaradıcılıq üslubuna görə seçilən, sevilən aktyorlarımızdan olan Telman Adıgözəlovun  anadan olmasının ildönümüdür (17.07.1953). Yaradıcılıq qismətinə düşən irili-xırdalı rollarını yüksək sənətkarlıq keyfiyyəti ilə canlandıran, rollarının təfsirində ekran hadisələrinin məzmununu aydınladan, rejissor ideyasının dolğun təcəssümünə, təsdiqini tapmasına nail olan aktyorumuzun xatirəsisənətsevərlər üçün həmişə əzizdir.

Ömür yalnız illərdən yox, illəri mənalandıran, yaddaşlara yazan nəcib əməllərlərdən ibarətdir. Zəhmətlə istedad üst-üstə düşəndə, fərdiyyətçiliyi büruzə verən xüsusiyyətlər daha çox olanda insanın şəxsiyyəti və sənəti daha çox xatırlanır, unudulmur. İstedadlı aktyor Telman Adıgözəlov da teatr və kino obrazlarının təfsirində əməksevərliyini dönə-dönə təsdiqlədi. Ünsiyyətcil, mehriban xüsusiyyətlərinə görə isə həmkarlarının, dost və doğmalarının rəğbətini qazandı.

Həyata, insanlara olan sevgisini, səmimi münasibətini sənətinə yansıdan, dolğun yaradıcılığı fonunda məsləyinin vurğunu olduğunu hər bir ifasında təsdiqləyən Telman Adıgözəlov Azərbaycan kinosunda 30-a yaxın bədii filmdə və bir sıra “Mozalan” satirik kinosüjetində çəkilib. Kiçik yaşlarından sənətə vurulan gələcəyin məşhur aktyorunun sənətlə tanışlığı orta məktəbdə oxuyarkən başlayıb, burada aktyorluq kurslarına gedib. Məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) verib, dram və kino aktyorluğu fakültəsində sənətin sirlərinə bələd olub (1975).

Həyatını sənətdən kənarda təsəvvür etməyən tələbənin yaradıcılıq eşqini görən rejissorlar hələ tələbəlik illərindən onu filmlərinə dəvət etməyə başlayıblar. “Xatirələr sahili” (1972) filmində debüt rolunu (Şamil) oynayan gənc aktyor bu filmdən sonra “Nəsimi” tarixi-bioqrafik filmində hürufi, “Anlamaq istəyirəm” kinodramında Camal, “Çətirimiz buludlardır” filmində Bəkir, “Dörd bazar günü” filmində Murad, “Yol əhvalatı” kinokomediyasında tələbə, “Günaydın, mələyim!” dramında teatr rejissoru və digər filmlərdə yaddaqalan rollar ifa edib.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Aktyor Vidadi Həsənovun doğum günüdür.Sənətdə tanınmaq, sevilmək istedaddan əlavə gərgin yaradıcılıq axtarışları, böyük ...
16/07/2025

Aktyor Vidadi Həsənovun doğum günüdür.

Sənətdə tanınmaq, sevilmək istedaddan əlavə gərgin yaradıcılıq axtarışları, böyük əmək, zəhmət tələb edir. Bu mənada yalnız sənətin cəfasına qatlaşanlar, dözənlər onun səfasını görə, sevilə, sevdikləri ilə əhatələnə bilərlər.

Tanınmış aktyor Vidadi Həsənov da Azərbaycan teatr, kino sənətində göstərdiyi sənət biliciliyi, peşəkarlığı sayəsində çoxsaylı tamaşaçının rəğbətini qazanıb, irili-xırdalı səhnə, ekran personajları ilə sənətsevərlərin sevimli aktyoruna çevrilib.

Sənət təsadüfləri sevmir. İstedadını təsdiqləyənləri, sənəti ali səviyyədə təqdim edənləri isə yaddaşlara yazır, məşhurlaşdırır. Vidadi Həsənovun sənət biliciliyi də səhnə, ekran rollarının təfsirində əksini tapıb, uğurlarının qaynağını istinad verib.

1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyoru fakültəsinə daxil olan gənc sənətsevər institutun Tədris Teatrında aktyor kimi iştirak edib, bacarığını təsdiqləyib. Sənətini daim yüksək səviyyədə təqdim edən aktyor 1990-cı ildən “YUĞ” teatrında çalışır, maraqlı, məzmunlu rolları ilə teatr sənətinin inkişafına töhfələrini verməkdə davam edir.

Vidadi Həsənovun teatral obrazları hər biri ayrı-ayrılıqda aktyor sənətinə yiyələnmək istəyən gənclər üçün örnəkdir, məktəbdir. 1986-cı ildən universitetdə aktyorluq sənətini böyük təcrübi üsulla tədris edən Vidadi Həsənov bu gün də pedaqoji fəaliyyətini davam etdirir, həmçinin universitetinin “Estrada rejissoru” kafedrasının dosentidir.

Aktyorun yaradıcılıq bioqrafiyasında xüsusi yer tutan kino obrazları da sənətin aliliyini təsdiqləyən, müxtəlif həyat hadisələrinin məzmununu şərh edən personajlardır. Yaddaqalımlı ekran personajları ilə diqqət çəkən aktyor “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın filmdə rol alıb, televiziya tamaşalarında, seriallarda müxtəlif xarakterli obrazlar oynayıb.

Kinoda debüt rolunu (Musa) “Bəyin oğurlanması” (1985) kinokomediyasında oynayan aktyor kiçikplanlı rolun daxili dünyasını, duyğularını, qəliz, susqun, ötkəm cəhətlərini göstərməyə nail olub.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Əməkdar incəsənət xadimi Rasim İsmayılovun doğum günüdür.Azərbaycan kinosunun görkəmli nümayəndəsi, kinorejissor, Əməkda...
12/07/2025

Əməkdar incəsənət xadimi Rasim İsmayılovun doğum günüdür.

Azərbaycan kinosunun görkəmli nümayəndəsi, kinorejissor, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun anadan olmasının ildönümüdür (13.07.1936). İstedadlı kinematoqrafçının peşəkar müşahidə qabiliyyəti ekranlaşdırdığı filmlərdə həyat faktlarını məharətlə təhlil etməyə imkan yaradıb. Müxtəlif dövr müasirlərinin yaşayış tərzini, xüsusiyyətlərini, hadisələrə münasibətini dəqiqliklə göstərməsinə səbəb olub. Ustad sənətkarın imza atdığı filmləri izlədikcə düşünürük ki, həyatı nə qədər dərindən duyub, doğru nəticə çıxarıb, müdrik tövsiyələrini yaradıcılığına yansıtmaq imkanına malik olasan ki, yüksək mənəvi dəyərlərin, ibrətamiz xarakterlərin, keyfiyyət üstünlüyünün təbliğatçısı olasan, yüzlərlə insanın sevimlisinə çevriləsən. Tanınmış kino xadiminin əziz xatirəsini dərin ehtiramla yad edirik, fürsətdən istifadə edib sənət yoluna qısa nəzər salırıq.

XX əsrin birinci yarısında dünya kinosunda, həmçinin Azərbaycan filmlərində qəhrəmanların fərdi xarakterinin qabardılması faktı ekran əsərlərinin məzmununun açılmasına kömək edirdi. Personajların şəxsi keyfiyyətlərinin, eləcə də (vəziyyətdən çıxış edərəkdən) davranış qaydalarının (əxlaqi dəyərlərin) cəmi hadisələrin mahiyyətinin aydınlanmasına xidmət edir, mühitin ab-havası haqqında tamaşaçıda müəyyən təəssürat yaradır, məlumatlandırırdı. Cərəyan edən hadisələrin fon təsiri bağışlayan köməkçi təsvir vasitələri bütünlükdə, mərkəz xəttinin (baş qəhrəmanın) diqqətdə olmasına yönəlirdi. Bu mənada Rasim İsmayılovun quruluş verdiyi (əsasən də operator kimi) istər tarixi-bioqrafik janrlı, istərsə də ailə-məişət mövzusundan bəhs edən sadə süjetli lirik-dramatik filmlərin tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşlanmasının səbəbini (məkan və zamandan asılı olmayaraq) personajların şəxsiyyətinə böyük marağın olması faktı yaradır.

İstedadlı kinematoqrafçı müxtəlif həyat lövhələrinin məzmununu məntiqli təsvir vasitələri ilə şərh edib, ekran qəhrəmanları haqqındakı təsəvvürlərimizi məntiqli yaradıcılıq priyomları ilə zənginləşdirib.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

İyulun 11-də Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və Fondun əməkdaşları Xalq artisti, kinorejissor, k...
11/07/2025

İyulun 11-də Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və Fondun əməkdaşları Xalq artisti, kinorejissor, kinooperator Rasim Ocaqovun anım günü münasibətilə görkəmli sənətkarın xatirəsini məzarı başında yad etdilər.

Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin doğum gün...
02/07/2025

Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin doğum günüdür.

Film Fondunun kollektivi və kino ictimaiyyəti adından Cəmil müəllimi təbrik edir, cansağlığı, işlərində uğurlar diləyirik!

Aktrisa Rimma Məmmədovanın doğum günüdür.Rimma Məmmədova. Bu ad çoxlarımıza “Bizim küçə” filmindən Gözəlova  Sara rolunu...
30/06/2025

Aktrisa Rimma Məmmədovanın doğum günüdür.

Rimma Məmmədova. Bu ad çoxlarımıza “Bizim küçə” filmindən Gözəlova Sara rolunun ifaçısı kimi yaxşı tanışdır. İkinci Dünya müharibəsi dövründə itkin düşən, vətənindən uzaqlarda yaşamağa məcbur olan azərbaycanlı qızın həyatından bəhs edən filmdə ağır günlərin sarsıntıları aktrisanın təqdimatında dolğun, inandırıcı canlandırılmışdır. Vəziyyətdən yaranan gərginliklərə baxmayaraq, Saranın mənəvi gözəlliyini, insanlığını qoruyub saxlama əzmi nümunəvi xarakter göstəricisi kimi diqqət çəkir, obraz nəsillərin sevimlisinə çevrilir.

Ekran personajının yaddaqalımlı olmasında kinorejissor Əlisəttar Atakişiyevin doğru mizanlarının əhəmiyyəti danılmazdır. Aktrisanın kinoya həvəsi, peşə məsuliyyəti, kamera qarşısında sərbəst, təmkinli davranışı da personajın yaddaqalımlı olmasına, filmin baxımlılığının artmasına səbəb yaradıb.

Onu da əlavə edək ki, bu filmə qədər “Mollanın sərgüzəşti” (rejissor H. Sasanpur) və “Koroğlu” (rejissor H. Seyidzadə) filmlərində kiçikplanlı rolda çəkilən aktrisa üçün baş rolda çıxış etmək heç də çətin olmamış, tərəf-müqabilləri ilə səmimi, dolğun tərəfdaşlıq etməyə müvəffəq olmuşdur. Rimma xanımın kinoya gəlməsi haqqındakı fikirlərindən: “Mən ilk dəfə “Mollanın sərgüzəşti” filmində rəqqasə rolunda çəkilmişəm. O zaman Bakı Xoreoqrafiya Məktəbində təhsil alırdım. Sonuncu kursda oxuyanda elə oldu ki, bir gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bir neçə adam gəldi. “Mollanın sərgüzəşti” filminə çəkmək üçün qız axtardıqlarını bildirdilər. Bu iranlı rejissor Sasanpurun filmi idi. O, həmin vaxtlar Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alırdı. Bu filmi diplom işi üçün çəkirdi.

Mənim həmin vaxtlar çəkiliş meydançası haqqında heç bir təcrübəm yox idi. Bununla belə, məni bəyəndilər və kiçik bir epizodda rəqqasə roluna çəkdilər. Mən bu filmdə mərhum sənətkar Möhsün Sənani ilə tərəf-müqabili idim. Onu da deyim ki, Möhsün müəllim Molla Fətəli obrazını elə inandırıcı oynayırdı, kamera qarşısında elə tez başqalaşıb, tez rola girirdi ki, təəccüblənməyə bilmirdim.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

26/06/2025
Əməkdar incəsənət xadimi Valeri Kərimovun 80 illik yubileyidir.Özünəməxsus dəst-xətinə görə seçilən, maraqlı kadr qurulu...
26/06/2025

Əməkdar incəsənət xadimi Valeri Kərimovun 80 illik yubileyidir.

Özünəməxsus dəst-xətinə görə seçilən, maraqlı kadr quruluşlarına görə filmlərin baxımlılığını təmin edən kinooperator, kinorejissor, Əməkdar incəsənət xadimi Valeri Kərimovun anadan olmasının 80 illiyidir. Kinostudiyaya gəldiyi ilk vaxtlardan potensialını təsdiqləyən kinematoqrafçı 1960-cı illərin əvvəllərindən etibarən müxtəlif filmlərdə assistent kimi işləyib (“Ulduz” (E.Qalakçiyevlə birgə), “Mən ki gözəl deyildim” (Z. Babayev, V. İvaşşenkovla birgə) və s.), görkəmli kino xadimlərinin sənət təcrübələrindən bəhrələnib. Məzmunlu yaradıcılığı ilə kinostudiyanın nüfuzunu artıran, istehsalat bazasını zənginləşdirən kino adamlarından biri kimi tanınıb.

Ümumiyyətlə, Kərimovları kinematoqrafçılar ailəsi adlandırırdılar. Valeri Kərimov 1945-ci ildə, iyun ayının 26-da Bakıda dünyaya göz açıb. Hələ kiçik yaşlarından fotoqrafiya sənətinə həvəs göstərib. Qardaşı Tofiqlə birlikdə fotoqrafiya ilə məşğul olub. Əmək fəaliyyətinə 16 yaşında “Bakıtuneltikinti” idarəsində fəhlə kimi başlayıb. Lakin fotoqrafiyaya və kinoya olan həvəsinə görə bir il sonra iş yerini dəyişib, kinostudiyaya gəlib. Bir müddət sonra qardaşı Tofiq də taleyini kinostudiya ilə bağlayıb. Burada 30 ildən artıq fotoqraf-rəssam kimi (“Onun bəlalı sevgisi”, “Qaladan tapılan mücrü”, “Şahid qız”, “Bəxt üzüyü”, “Qətldən yeddi gün sonra”, “Şirbalanın məhəbbəti” və s. filmlərdə) çalışıb, 40-dan artıq filmdə əməyi olub.

Valerinin həyat yoldaşı Tatyana xanım Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib. Uzun illər kinostudiyada səs operatoru kimi çalışıb. Oğlu Teymur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinoşünaslıq ixtisası üzrə təhsil alıb. Sonralar səs operatoru kimi “Həqiqət anı”, “Qraf Krestovski” çoxseriyalı televiziya bədii və digər filmlərdə çalışıb.

Valeri Kərimov kinostudiyaya gəldiyi vaxtlarda işgüzarlığına görə tez bir zamanda həmkarlarının rəğbətini qazanıb. Daha sonra Moskvaya gedib, 1969-1974-cü illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Ssenarist Fərəməz Səfiyevin doğum günüdür.Tanınmış kino təşkilatçısı, ssenarist, filologiya elmləri namizədi (1970)  Fər...
25/06/2025

Ssenarist Fərəməz Səfiyevin doğum günüdür.

Tanınmış kino təşkilatçısı, ssenarist, filologiya elmləri namizədi (1970) Fərəməz Səfiyevin doğum günüdür. “Azərbaycanfilm” kinostudiyasında 40 ildən artıq fəaliyyət göstərən kino xadiminin yaradıcılıq yoluna qısa nəzər salırıq.

Fərəməz Səfiyev 1929-cu il iyun ayının 25-də Şəmkir rayonunun Seyfəli kəndində dünyaya göz açıb. 1952-ci ildə indiki Bakı Dövlət Universitetini bitirib. Həmin ildən etibarən “Azərbaycan pioneri” qəzetində xüsusi müxbir kimi əmək fəaliyyətinə başlayıb. Qısa müddət ərzində Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, 1953-cü ildən təqaüdə çıxanadək (1994) Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında xronika şöbəsinin rəisi, daha sonra yaradıcılıq birliyinin direktoru vəzifələrində işləyib.

Fərəməz Səfiyev “Azərbaycanfilm”dəki fəaliyyəti dövründə sənədli filmlər istehsalının texnologiyasını yaxşı öyrənib və Azərbaycan sənədli kinosunun inkişafında mühüm xidmətləri olub. Xronikal-sənədli filmlər birliyində çalışdığı müddətdə operativ fəaliyyəti ilə diqqət çəkib. Bacarıqlı təşkilatçı kimi kollektivin böyük hörmətini qazanıb.

Respublikada keçirilən dövlət tədbirlərinə operator qrupunu səfərbər edən Fərəməz Səfiyev kinooperatorları şəhərin müxtəlif guşələrində yerləşdirərək, çəkiliş aparatlarını kinolentlə təchiz edər, aparılan çəkilişlərin yüksək keyfiyyətli olmasına zəmin yaradarmış.

Üzərinə götürdüyü hər bir işin öhdəsindən bacarıqla gələn Fərəməz Səfiyev inzibati işlərlə yanaşı, həm də kinodramaturq kimi fəaliyyət göstərib, tanınıb. Onun ssenariləri əsasında “Azərbaycanfilm” kinostudiyasında və “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli film çəkilib. Filmlərin məzmununu Azərbaycanın füsunkar təbiəti, insanları – tanınmış şəxsiyyətləri, zəhmət adamları və digər maraqlı mövzular təşkil edib.

Ssenariləri əsasında tanınmış şəxsiyyətlər mövzusunda “General Həzi Aslanov”, “Sürəyya”, “Torpağın sahibi”; Azərbaycanın bölgələri mövzusunda “Xudafərin olan yerdə”, “Sabirabad”, “Divlər sarayı”, “Bakıda “Mosfilm” günləri” və başqa filmlər çəkilib.

* Mətnin ardı ilə Dövlət Film Fondunun rəsmi saytından tanış ola bilərsiniz.

Address


Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124040485

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Film Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Dövlət Film Fondu:

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share