Xeber Bulleteni

Xeber Bulleteni Azerbaycanin en son xeberlerini burdan izleye bilersiz.�

11/01/2026

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar

“Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”
Ümummilli Lider Heydər Əliyev.

“Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.”
Prezident İlham Əliyevin
Dünya Azərbaycanlılarının III Qurultayında çıxışından.
5 iyul 2011-ci il

- Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.
Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir;

- Milli birliyin və bərabərliyin simvolu.
Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvoludur. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır;

- Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi;

- Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

- Prezidenti İlham Əliyevin xarici ölkələrə səfəri zamanı diaspor nümayəndələri ilə görüşü.
Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur (https://files.preslib.az/projects/diaspora/a5.pdf);

- Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.
Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər;

- Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər;

- “Bu gün keçirilən Qurultay xaricdə yaşayan soydaşlarımızın daha da həmrəy olması, təşkilatlanması üçün yeni bir mərhələnin başlanğıcıdır.”
Ümummilli Lider Heydər Əliyevin
Dünya Azərbaycanlılarının I Qurultayında çıxışından.
9 noyabr 2001-ci il

Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi (https://e-qanun.az/framework/1947);

- Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər;

- Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibə, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar;

- Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir.
Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir;

- Xaricdə yaşayan azərbaycanlıların uğurlu lobbi siyasəti.
Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır;
- “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır.
2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür. 17 noyabr 2014-cü ildə İstanbulda “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi çərçivəsində keçirilən beynəlxalq konfransda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Digər ölkələrdə də, Türk və Azərbaycan diasporları eyni mövqedən çıxış edirlər. Məsələn ABŞ-da Türk və Azərbaycan icması erməni diasporunun yalanlarını birgə ifşa edirlər. Eyni zamanda Azərbaycanda yəhudi icması ilə dinc yanaşı yaşamaq təcrübəsi də, ABŞ-a daşınmışdır. ABŞ-dakı diasporumuz buradakı yəhudi təşkilatları ilə müntəzəm işləyirlər;

- Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması.
Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdır;

- Dövlətimizin diaspor siyasətinin yeni inkişaf mərhələsi.
Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası və həmin toplantıda “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi;

- Diaspor fəaliyyətinin inkişafında mühüm təşəbbüs.
Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı (https://addf.gov.az/page/haqqimizda). Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi (https://e-qanun.az/framework/44019);

- Dünyanın müxtəlif ölkələrində Azərbaycan icmaları fəaliyyət göstərir.
Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15 Koordinasiya Şurası (Alyansı), 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdə yeni icma və birliklərinin təsis edilməsi çağdaş diaspor quruculuğu işinin uğuru kimi qiymətləndirilə bilər;

- Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində diaspor fəaliyyətində yeni səhifə açılır.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 2 dekabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş 7-ci görüşündə 2026-cı il üçün “Diaspor üzrə Birgə Fəaliyyət Planı” qəbul edilib;

- Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.
Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”, - deyə İlham Əliyevin təbrikində bildirib;

- Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü.
II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur;

- II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi.
Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi;

- 22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.
“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər Qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V Qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir.” (https://diaspor.gov.az/az/page/prezident-ilham-eliyevin-dunya-azerbaycanlilarinin-v-qurultayinda-cixisi-36)
Prezident İlham Əliyevin
Dünya Azərbaycanlılarının V Qurultayında çıxışından.

- Zəfər Qurultayında qəbul olunmuş sənədlər:
- Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə müraciəti;
- Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti;
- Dünya Azərbaycanlılarının V Qurultayının beynəlxalq ictimaiyyətə müraciəti;
- Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciəti;
- Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti;
- Dünya Azərbaycanlılarının V Qurultayının Qətnaməsi.

- Xalqı birləşdirən Qələbə.
Prezident İlham Əliyev 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib: “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.
Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”

11/01/2026

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü ilə əlaqədar

- Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmlənmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir;
- Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir.
Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib;
- Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb;
- Amnistiyanın şamil olunacağı şəxslər.
Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır;

- Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya.
Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır;

- Ötən müddət ərzində 12 amnistiya və 71 əfv təşəbbüsü.
Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib.
Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub.
Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanat barədə- Slovakiya və Azərb...
11/01/2026

Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata verdiyi bəyanat barədə

- Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.
Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər;

- Bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək.
Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.
Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur;

- Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarımız genişdir.
Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq.
Düz bir ay əvvəl - noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq;

- Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir.
Ölkənizdə sabitlik, iqtisadi inkişaf hökm sürür. Slovakiya çox güclü sənaye potensialına malikdir. Xüsusilə Sizə rəğbət qazandıran odur ki, Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz. Ancaq bu, Sizi yolunuzdan döndərmir və bizim bölgəmizdə Sizin ölkənizə və rəhbərliyə çox böyük hörmət mövcuddur;

- Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib.
Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir;

- Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik.
Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır;

- Azərbaycanda kifayət qədər böyük enerji potensialı var.
Eyni zamanda, bu gün biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik.

Azərbaycan-Slovakiya münasibətləri barədə:

AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ

11/01/2026

25 Noyabr - Kəlbəcər şəhəri günü ilə əlaqədar

- Bölgənin tarixi əhəmiyyəti, arxeoloji faktlar.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb;

- Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur.
Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir;

- Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib.
İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi;
- Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır;

- BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi.
Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi;

- Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti.
BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır;

- Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti.
“Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq” - Prezident İlham Əliyev;

- Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi.
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir;

- Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.
Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır;

- 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur;

- Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub (https://e-qanun.az/framework/54767);

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək. Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək;

- Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi.
Yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Birinci mərhələdə buraya 201 ailə köçürülür. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülmüşdür;

- Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb.
Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək;

- Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub.
Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək;

- Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb.
Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək;

- Bölgədə infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi.
Yolun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 87 faizi tamamlanıb. Yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı olmuşdur. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq;
- Bölgənin enerji ehtiyatlarından səmərəli istifadə.
Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng”, 8,8 meqavatlıq “Nadirxanlı” və 5 meqavatlıq “Çaykənd” kiçik su elektrik stansiyaları tikilib;

- “İstisu” Müalicə-İstirahət Kompleksi.
“İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Hazırda Kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır. Kompleksin SPA Mərkəzinin mineral sularla müalicə, pelioidterapiya (palçıqla müalicə) və klimatoterapiya (iqlim müalicəsi) istiqamətləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur;

- “İstisu” mineral su zavodu.
Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Zavodun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. İkinövbəli iş rejimində fəaliyyət göstərən müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.

- Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri:

16.08.2021:
• Ömər aşırımı ilə tanışlıq;
• Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 km uzunluğunda tunelin təməlqoyma mərasimi;
• 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanışlıq;
• 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı;
• Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimi;
• Kəlbəcərdə arıçılarla görüş;
• Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması;
• Kəlbəcər şəhərində “N” saylı hərbi hissədə yaradılmış şəraitlə tanışlıq;
• Dağıdılmış “İstisu” sanatoriyasına baxış;
• Yeni tikilən 51 km uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış.

26.06.2022:
• “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı;
• Kəlbəcər rayonunda hərbi hissənin açılışı;
• Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq;
• Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi;
• Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi;
• Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma mərasimi;
• Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq;
• Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimi.

27.05.2023:
• Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlqoyma mərasimi;
• Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimi;
• Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışı;
• Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı;
• Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq;
• Kəlbəcərdə hərbi hospitalın açılışı;
• Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimi;
• Kəlbəcər şəhərində məktəb binasının təməlqoyma mərasimi.

25.08.2023:
• Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı;
• Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq;
• Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışı;
• Kəlbəcərdə Zar kəndinin təməlqoyma mərasimi.

07.11.2023:
• Kəlbəcər rayonunun Vəngli kəndinə baxış.

02.09.2024:
• Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı;
• Kəlbəcərdəki Xudavəng monastır kompleksinə baxış;
• Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlıq;
• Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi;
• Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanışlıq;
• Kəlbəcər şəhərində inzibati binanın təməlqoyma mərasimi;
• Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq;
• Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışı;
• Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı;
• Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışı;
• Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq;
• Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlqoyma mərasimi.

21.08.2025:
• Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanışlıq;
• Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimi;
• Kəlbəcər şəhər parkının təməlqoyma mərasimi;
• “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı;
• Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlqoyma mərasimi;
• Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edilmə mərasimi;
• Kəlbəcərdə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı.

Address

Nacafqulu Refiyev
Baku

Alerts

Be the first to know and let us send you an email when Xeber Bulleteni posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share