
26/10/2023
İlk gündən dediyim kimi, Tərtər qətliamının araşdırılması və hüquqi qiymət alması təkcə konkret cinayətin ifşası, onu törədənlərin cəzalandırılması üçün lazım deyildi. Bu, həm də ölkənin hüquq müstəvisinə qaytarılması üçün vacib idi və bu gün də vacibdir.
Amma bu da ilk gündən məlum idi ki, cinayətkar şəbəkə var gücü ilə buna müqavimət göstərəcəkdir. Necə ki, bu gün həmin müqaviməti görürük. Burda da qeyri-adi və gözlənilməz heç nə yoxdur. Heç bir cinayətkar könüllü təslim olmur. Onda ki, belə bir ağır cinayəti törətmiş mütəşəkkil xain çətə ola.
Tərtər qətliamınının ictimai müzakirəyə çıxarılması sayəsində ölkə əhalisinin mütləq əksəriyyətinin tarixdə bərabəri olmayan bu cinayət haqqında məlumatlandırılması ölkə rəhbərliyinin cinayətin təkrar istintaqına qərar verməsinə səbəb oldu.
Bəli, bir daha deyirəm, Azərbaycanın siyasi rəhbərliyi Tərtərdə törədilmiş soyqırımın açılmasında və ona görə hüquqi qərarların verilməsində heç zaman maraqlı olmayıb, çünki Tərtər qətliamı onun - siyasi hakimiyyətin törətdiyi cinayətdir.
Elə həmin səbəbdən də cinayətə dair təkrar istintaqın təyin edilməsi barədə verilən qərarın iki əsas məqsədi vardı:
1. İctimai müzakirəyə son qoymaq və hakimiyyətə təhlükəni dəf etmək;
2. Cinayəti hüquqi yolla (?!) ört-basdır etmək.
Yəni, zərərçəkmişlərə bəraət verildi, cinayəti törədənlər (guya ki) cəzalandırıldı və bununla da mövzu bağlandı. Təkrar istintaqın təyin edilməsi əsasən məhz bu 2 məqsədə xidmət edirdi. Başqa ənənəvi səbəblər də vardı əlbəttə.
Onlar da Azərbaycan hakimiyyətinin mahiyyətindən irəli gələn səbəblər idi. Məsələn, cinayətkarların topladığı sərvətləri əllərindən almaq, yüksək vəzifələrdə qalmaqda davam edən qatilləri şantaj yolu ilə öz iradələrinə tabe etmək, hakimiyyətdaxili qruplardan hansınısa zəiflətmək və s.
Bütün bunlar da hal-hazırda həyata keçirilməkdədir. Bütün göstərilən məqsədlərə nail olmaq mümkündür əlbəttə, amma Tərtər qətliamının müzakirəsi yalnız bir halda yekunlaşacaq: cinayətə dair hərtərəfli hüquqi və siyasi qərar qəbul ediləndə.
Bunun isə heç bir əlaməti görünmür və bundan sonra görünəcəyi də mümkün deyil. Ona görə ki, Azərbaycanın siyasi hakimiyyəti artıq birmənalı olaraq Rusiya çətiri altına keçib. Yəni, Tərtər qətliamını sifariş edənlərlə onun icraçıları bir bayraq altında birləşiblər. Deməli, cinayətin hüquqi qiymət almaq ehtimalı da yox dərəcəsindədir.
Son günlər apardığımız müşahidələr də bunu göstərir. Amma bu, heç də cinayətin ifşası ilə bağlı bundan sonra heç bir addım atmayacağımız anlamına gəlmir. Əksinə, bu istiqamətdə addımlarımız daha da intensivləşəcək, çünki indi cinayətin ört-basdır edilməsi ehtimalı əvvəlkindən daha çoxdur.
Odur ki, yaxın günlərdən başlayaraq siyasi hakimiyyətin atdığı addımlardan tutmuş, Baş Prokurorluğun Tərtər cinayətini ört-basdır etmək məqsədilə qurduğu murdar oyunlaradək, kimlərin tapşırıldığından tutmuş kimlərin alınan böyük rüşvətlər müqabilində istintaqdan yayındırılması haqda bütün həqiqətlər üzə çıxarılacaq.
Təkrar istintaq təyin olunan ilk gündən onun işinə mane olmamaq məqsədilə bir çox məqamlara göz yumsaq da bundan təəssüf ki, yanlış nəticə çıxarıldı. Cinayətkarlar və onları himayə edən digər cinayətkarlar düşündülər ki, daha "reallıqla" hesablaşıb susacağıq. Xeyr, bu heç vaxt olmayacaq!
Təəssüf ki, indi bu addımlar bir qədər kecikmiş olacaq, çünki Tərtər qətliamı tezliklə ən müxtəlif beynəlxalq platformalarda müzakirələrə çıxarılacaq. Amma bu eyni zamanda cinayətin ifşa olunmasını istəyənlər üçün yeni imkanlar açacaq: həmin platfotmalara dəstək verərək Azərbaycan xalqına qarşı törədilmiş qəddar cinayətin ifşasına nail olmaq.
Hərçənd şəxsən mən hər zaman cinayətin öz hüquqi qiymətini yalnız ölkə daxilində və Azərbaycan Respublikasının qanunları çərçivəsində almasının tərəfdarı olmuşam. Amma belə görünür ki, bir tərəfin bunu istəməsi kifayət etmirmiş. Bu da anlaşılandır, cinayəti törədənlərlə onu ifşa etmək istəyənlərin yolu bir ola bilməz.
Ərəstun Oruclu