30/12/2020
Kriptovalyuta yatırımı ilə bağlı bilinməli olan məqamlar – Birinci yazı
Kriptovalyuta yatırımı yeni növ maliyyə sahəsinə çevrilməkdədir. Forex, dəyərli kağızlar, istiqraz, səhm bazarları ilə müqayisədə digital aktiv (kriptovalyutalar) bazarının özünəxas xüsusiyyətləri var. Yatırım etməzdən əvvəl onlar barədə məlumatlı olmaq faydalıdır. Bu yazıda hadisələrin axışına, trendlərin formalaşmasına, ani bazar sıçrayışlarının hansı hallarda baş verəcəyinə toxunuruq.
Digital aktivlər bazarında elə də çox böyük investorlar iştirak etmir. Böyük investorlar ənənəvi maliyyə bazarlarında yüz milyardlarla və ya triliyonlanla dollar yatırımlarının müəyyən hissəsini hələ ki, kriptovalyutalar bazarına yönləndirməkdə tərəddüd edirlər. Əgər böyük pul sahibləri kriptovalyutalar ilə kütləvi formada maraqlanmağa başlayarlarsa, və balanslarının ən azı 1-5%-ni bu bazara yatırarlarsa, kriptovalyuta bazarının ümumi dəyəri qısa bir zamanda bir neçə dəfə böyüyər.
Böyük investorların artıq bitcoin haqqında danışmağa başlaması pozitiv işarədir. Amerikalı milyarder investor Rey Dalio əgər 3 il əvvəl bitcoini “maliyyə şarı” – dəyərsiz, hesab edirdisə, son açıqlamasında bitcoinin qızıla bənzər xüsusiyyətlərindən bəhs etmişdir. Böyük investorlar maraqlıdır, ancaq əsas bir problem var. Hökümətlər.
Hökümətlər hələ də kriptovalyuta bazarının qaydalarını açıq şəkildə müəyyən etməyiblər. Əgər Sinqapur, İngilitərə, Çin, Yaponiya, Almaniya kimi ölkələr bu bazarı requlasiya etməklə bağlı öz mövqelərinin istiqamətini göstərmişlərsə də, dünyanın hazırki ən böyük iqtisadiyyatına sahib ABŞ, hələ də bu bazarın qaydalarının necə olacağını elan etməyib. Qanunların bəlirsizliyi səbəbindən, böyük investorlar hələ də gözləmə mövqeyindədir. Requlasiya ilə bağlı ABŞ-ın qoyacağı mövqe kriptovalyuta bazarını qısa bir zamanda çox aşağılara və ya tərsinə çox yuxarılara darta bilər. Ehtimal olunur ki, 2021-ci ilin birinci yarısında ABŞ qaydaların necə olacağını elan etsin.
Gənc nəsil kriptovalyutalara daha böyük maraq göstərir. Kriptovalyutaların çoxu qeyri-mərkəzi və qlobal olduqlarından, onlara yatırım etmək üçün maneələr də azdır. Dünyanın bir çox ölkəsindən insanlar internet vasitəsilə Binance birjasından qeydiyyatdan keçə və elə həmin gün də birjada əməliyyatlar edə bilər. Texnologiyanı daha yaxşı mənimsəyən gənc nəsil əgər yatırım etməkdə maraqlıdırsa, əməliyyat etməsə belə ən azı birjalardan qeydiyyat keçir və platformanın texnoloji quruluşunu test edir.
Gənc nəsil yatırımcılarının sevdikləri xüsusi yatırım istiqamətləri də peydə olmaqdadır. Təsadüfi deyil ki, NFT və DeFi proyektləri zaman keçdikcə daha çox məhşurlaşır. Gənc nəslin aktiv iştirakını bilməklə, siz bazardakı trendlərə və haypların hansı istiqamətlərdə baş verəcəyinə hazırlıqlı ola bilirsiniz. Gənclərin diqtəsi altında digital kolleksiyalar, digital art, oyun kriptovalyutaları, bəhrə yığımı (yield farming) kimi yeni terminlər doğulur və böyüyür. Qısa müddətlik spekulativ yatırımlar üçün trendi hər zaman nəzarətdə saxlamaq önəmlidir.
Bir neçə hissədən ibarət olacaq bu mövzunun birinci hissəsi ümid edirik ki, sizə faydalı oldu. Bizi sosial medya kanallarında izləyin.
Kriptovalyuta yatırımı yeni növ maliyyə sahəsinə çevrilməkdədir. Forex, istiqraz, səhm bazarları ilə müqayisədə kriptovalyutalar fərqlidir.