15/09/2020
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdən biri.
Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür.
Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən Bakı üzərinə hücuma keçdi. Lakin ilk hücum uğursuz oldu. Avqustun 17-də Britaniya ordusunun generalı Lionel Denstervilin Bakıya qoşun çıxarmasını Erməni Milli Şurası böyük sevinclə qarşıladı. Denstervilin Bakıdakı hərbçilərinin sayı təqribən 1000 əsgər və zabitdən ibarət idi. Ordu qərargahı "Avropa" (indiki Lukoyl şirkətinin binası) otelində, ordunun digər xidmətləri isə "Metropol" (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası) otelində yerləşdirilmişdi. Denstervilə Bakı neftinə sahib olmaq və Qafqaz İslam ordusunu şəhərə buraxmamaq tapşırığı verilmişdi.
Biçeraxov general Denstervillə gizli razılığa gələrək, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirmişdi. Biçeraxov iyulun 30-da Qafqaz İslam ordusu qarşısında məğlubiyyətin labüd olduğunu görərək, dəstəsini cəbhə xəttindən çıxarıb Port-Petrovsk (indiki Maxaçqala) istiqamətində şimala çəkildi.
Qafqaz İslam Ordusunun komandanlığı döyüşən diviziyalara göndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə sentyabrın 14-ü saat 02-də Bakıya hücumun başlayacağını bildirir. Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır. Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir.
Beləliklə, Qafqaz İslam ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı.
Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.
Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
Osmanlı ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130 şəhid vermişdi. Ümumiyyətlə isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə 10-larla şəhidlik mövcuddur.
1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Lakin Azərbaycan xalqı türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə ehtiramla yad etmişdir.
Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun şərəfinə 1999-cu ildə Şəhidlər Xiyabanında abidə ucaldıldı.
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir.