Azərbaycan Xalqı

Azərbaycan Xalqı Azərbaycan xəbərləri Azərbaycan Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni!

Sinqapur ardıcıl üçüncü ildir ki, birinci yeri qoruyaraq 2026-cı il Henley Pasport İndeksində liderliyini saxlayıb.Qayna...
14/09/2026

Sinqapur ardıcıl üçüncü ildir ki, birinci yeri qoruyaraq 2026-cı il Henley Pasport İndeksində liderliyini saxlayıb.

Qaynarinfo xəbər verir ki, reytinq müxtəlif ölkələrin vətəndaşlarının beynəlxalq səyahət zamanı malik olduqları sərbəstlik səviyyəsini müəyyənləşdirir.

Sinqapur pasportu sahibləri 192 istiqamətə vizasız və ya gəliş zamanı viza almaqla səfər edə bilirlər. Bu göstərici ölkənin qlobal mobillik baxımından 2010-cu ildən bəri mövqeyini davamlı şəkildə gücləndirdiyini göstərir. Həmin il Sinqapur dünya üzrə 11-ci yerdə qərarlaşmışdı.

Reytinq ölkələrin diplomatik əlaqələrini, iqtisadi sabitliyini və sərhəd nəzarətinə beynəlxalq etimadı da əks etdirir.

Yaponiya və Cənubi Koreya hər biri 188 istiqamətə çıxışla ikinci yeri bölüşür. Hər iki ölkə güclü ikitərəfli razılaşmalardan və ardıcıl xarici siyasət əlaqələrindən faydalanır.

Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə hər biri 186 istiqamətə vizasız və ya sadələşdirilmiş giriş imkanı ilə üçüncü pillədə qərarlaşıb.

“Henley & Partners” şirkətinin məlumatına görə, son iki onillikdə qlobal mobillik genişlənib. Lakin səyahət imkanları ölkələr arasında bərabər bölüşdürülmür. Pasportun gücü getdikcə iqtisadi qüdrəti və siyasi sabitliyi əks etdirir. Bu isə səyahət azadlığının az sayda ölkə arasında cəmləşməsinə səbəb olur.

Əfqanıstan cəmi 24 istiqamətə giriş imkanı ilə reytinqin sonuncu pilləsində qərarlaşıb. Davam edən münaqişə, siyasi qeyri-sabitlik və məhdud diplomatik əlaqələr Əfqanıstan vətəndaşlarının səyahət azadlığını məhdudlaşdırmaqda davam edir.

Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri uzunmüddətli irəliləyiş baxımından diqqət çəkir. Ölkə 2006-cı ildən bəri vizasız giriş mümkün olan istiqamətlərin sayını 149 artırıb.

2026-cı ildə BƏƏ 184 istiqamətə giriş imkanı ilə Macarıstan, Portuqaliya, Slovakiya və Sloveniya ilə birlikdə beşinci yeri bölüşür.

Siyahıda Azərbaycan da yer alıb. Azərbaycan pasportu 71-ci yerdə qərarlaşıb və beynəlxalq səyahət zamanı 67 ölkəyə giriş imkanı verir.

“Henley Passport Index” Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının eksklüziv məlumatları əsasında hazırlanır. Reytinq dünya üzrə 199 pasportu və 227 istiqaməti qiymətləndirir.

Hər pasporta vizasız giriş, gəliş zamanı viza və ya elektron səyahət icazəsi ilə giriş mümkün olan istiqamətlərin sayına əsasən bal verilir.

Ballar ikili və çəkisiz sistemlə hesablanır. Eyni bala sahib pasportlar eyni pillədə qərarlaşır.

Reytinq viza siyasətindəki dəyişiklikləri əks etdirmək üçün hər ay yenilənir. Bu, hesabat dövrləri üzrə məlumatların aktuallığını və ardıcıllığını təmin etmək məqsədi daşıyır.

Türkiyənin Alanya şəhərinə istirahət turu təşkil edəcəyini vəd edərək tanışından 8 628 manat alan şəxsin məhkəmə prosesi...
14/09/2026

Türkiyənin Alanya şəhərinə istirahət turu təşkil edəcəyini vəd edərək tanışından 8 628 manat alan şəxsin məhkəmə prosesi başa çatıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs zərərçəkmişi və onun tanışlarını əvvəlki iş təcrübəsinə və turizm sahəsində əlaqələrinin olmasına istinad edərək inandırıb.

Bundan sonra zərərçəkmiş müxtəlif tarixlərdə təqsirləndirilən şəxsin göstərdiyi bank kartlarına pul köçürüb. Köçürmələrin ümumi məbləği 8 628 manat olub. Vəsait həm zərərçəkmişin özü, həm də onun ailə dostları və onların uşaqları üçün tur paketinin alınması məqsədilə verilib.

Məhkəmədə təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, uzun müddət turizm şirkətində çalışıb, həmin şirkət bağlandıqdan sonra işsiz qalıb. Zərərçəkmişlə isə əvvəlki müştəri münasibətlərindən tanış olub.

Təqsirləndirilən şəxs ifadəsində aldığı pulun 7 780 manatını Türkiyədə tanıdığı şəxsə “WebMoney” sistemi vasitəsilə göndərdiyini, 848 manatını isə özündə saxladığını deyib.

Daha sonra Türkiyədə baş verən zəlzələ səbəbindən nəzərdə tutulan oteldə problem yarandığını və turu təşkil edə bilmədiyini bildirib. Təqsirləndirilən şəxs pulun geri qaytarılmamasını Türkiyədəki həmin şəxsin vəsaiti ona qaytarmaması ilə əlaqələndirib.

O, zərərçəkmişə dəymiş ziyanın 5 000 manatını qaytarmağı təklif etsə də, qarşı tərəf vəsaitin tam ödənilməsini tələb edib.

Məhkəmədə zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsi 2017-ci ildən tanıyır və bundan əvvəl də ondan bir neçə dəfə tur paketi alıb. Ailəsi və dostları ilə birlikdə Türkiyəyə getmək qərarına gəldikdən sonra yenidən ona müraciət edib.

Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxs həmin vaxt Alanyada olduğunu və onlayn qaydada tur təşkil edə biləcəyini bildirib. Bundan sonra müxtəlif tarixlərdə ona ümumilikdə 8 628 manat pul göndərilib. Lakin vəd edilən tur təşkil olunmayıb və ödənilən vəsait geri qaytarılmayıb.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Məhkəmə həmçinin həbsdə saxlanıldığı ümumilikdə 6 ay 16 gün müddətini təyin edilmiş cəzadan çıxıb və onun üzərində qəti olaraq 1 il 4 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

14/09/2026
Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından sentyabrın 11-i axşam saatlarında evə buraxılı...
14/09/2026

Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından sentyabrın 11-i axşam saatlarında evə buraxılıb.

Bu barədə Qaynarinfo-ya xəstəxanadan məlumat verilib.

Qeyd edək ki, Xalq artisti 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub. Bildirilib ki, Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Azərbaycan Mərkəzi Bankında (AMB) “Bazar davranışlarının tənzimlənməsi departamenti”nin adı dəyişdirilərək “Bazar davran...
14/09/2026

Azərbaycan Mərkəzi Bankında (AMB) “Bazar davranışlarının tənzimlənməsi departamenti”nin adı dəyişdirilərək “Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti” olub.

Qaynarinfo xəbər verir ki, yeni Əsasnaməyə əsasən, departament bank və sığorta şirkətlərində bazar davranışlarına birbaşa nəzarət edəcək, yoxlama və monitorinqlər aparacaq, risk profillərini müəyyənləşdirəcək və test məqsədli alışlar həyata keçirəcək.

Departamentə əvvəlki kimi Tamerlan Əliyev rəhbərlik edir.

Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. Şöbəyə III “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova-Tahirli rəhbər təyin olunub.

"Kurtlar Vadisi Pusu" teleserialının ssenaristləri "Kazinoğlu işi" çərçivəsində ifadə verəcəklər.Qaynarinfo xəbər verir ...
13/09/2026

"Kurtlar Vadisi Pusu" teleserialının ssenaristləri "Kazinoğlu işi" çərçivəsində ifadə verəcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Kurtlar Vadisi Pusu" serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın məlumat sahibi qismində Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə əlaqədar aparılan istintaqda ifadələri alınacaq.

Qeyd edək ki, K. Kozinoğlu Türkiyənin xüsusi əməliyyat və kəşfiyyat sisteminin ən təcrübəli və sirli kadrlarından biri, keçmiş "bordo berili" zabit və MİT-in Xarici Əməliyyatlar İdarəsinin rəhbəri olub. Həbs edildikdən bir neçə ay sonra, məhkəmədə ifadə verməyə hazırlaşdığı günlərdə - 13 noyabr 2011-ci ildə Silivri həbsxanasında qəfil vəfat edib.

2026-cı ilin sentyabr ayında Silivri Baş Prokurorluğu tərəfindən onun ölümünə dair cinayət işi yenidən açılıb.

Xatırladaq ki, 10 noyabr 2011-ci ildə yayımlanan və ssenaristləri istintaqa cəlb edilən serialın 136-cı bölümdə "Kaşifoğlu" haqqında ölüm əmri verilir. Üç gün sonra isə Kazinoğlu real həyatda həlak olur. Serial obrazı və Kazinoğlunun ölüm səbəbləri də eyni göstərilir.

Türkiyənin bəzi araşdırmaçıları o dövrdə ölkənin hüquq-mühafizə və kəşfiyyat sisteminə sızmış FETÖ terror təşkilatının törədəcəyi sui-qəsdləri media və seriallar vasitəsilə "cəmiyyəti psixoloji hazırlamaq" üçün əvvəlcədən ssenarilərə daxil etdiyini iddia edirlər.

Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.Qaynarinfo “Unikal”a...
13/09/2026

Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.

Qaynarinfo “Unikal”a istinadla xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.

Məlum olub ki, Nicat adlı bəylə ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, E. Feyzullayev artıq sözügedən qurumda çalışmır.

Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.

13/09/2026

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü yükunlaşıb.

Qaynarinfo xəbər verir ki, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.

Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

Qeyd edək ki, səfər ikigünlük təşkil olunub.

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliy...
13/09/2026

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Əhdiman Osmanov “TikTok” platformasında “Ehdiparfum” ləqəbi ilə tanınır.

Dünyaca məşhur müğənni Selin Dion uzun müddət davam edən səhhət problemlərindən sonra səhnəyə geri dönüb.Qaynarinfo xəbə...
13/09/2026

Dünyaca məşhur müğənni Selin Dion uzun müddət davam edən səhhət problemlərindən sonra səhnəyə geri dönüb.

Qaynarinfo xəbər verir ki, nadir nevroloji xəstəlik – sərt insan sindromu (Stiff Person Syndrome) ilə mübarizə aparan 58 yaşlı sənətçi Parisdəki “Paris La Défense Arena”da konsertlər seriyasına başlayıb. Bu, Dionun 6 ildən sonra keçirdiyi ilk canlı konsert olub.

Səhnəyə qara geyimdə çıxan müğənni tamaşaçıların alqışları ilə qarşılanıb. Ən sevilən mahnılarını ifa edən Dion bir müddət sonra çıxışını dayandıraraq pərəstişkarlarına müraciət edib və emosiyalarına hakim ola bilməyib.

“Ağlamayacağıma söz vermişdim. Bu gecə sizin üçün, özüm üçün və həyat üçün mahnı oxumaq istəyirəm”, – deyə sənətçi bildirib.

Dion daha sonra səhnəyə qayıdacağına söz verdiyini xatırladaraq, tamaşaçıları yenidən görməyin onun üçün böyük xoşbəxtlik olduğunu söyləyib. O, illər ərzində göstərdikləri dəstəyə və səbrə görə pərəstişkarlarına təşəkkür edib.

Müğənni “Because You Loved Me” mahnısına istinad edərək, “Hazırda olduğum hər şey sizin məni sevdiyiniz üçün belədir”, – deyə qeyd edib.

Dion Parisdə ümumilikdə 26 konsert verməyi planlaşdırır. O, bu səhnə dönüşünü daha əvvəl “həyatının ən gözəl hədiyyəsi” adlandırıb.

Qeyd edək ki, Selin Dion 2022-ci ilin dekabrında sərt insan sindromu diaqnozu alıb. Xəstəlik səbəbindən bir sıra konsertlərini ləğv edən sənətçi uzun müddət ictimaiyyət qarşısına çıxmayıb və intensiv müalicə alıb.

Dionun sözlərinə görə, səhnəyə qayıdışa hazırlıq çərçivəsində həftədə üç dəfə 90 dəqiqəlik pilates məşqləri keçirib, həmçinin balet dərsləri alıb. O, fizioterapiya, səs terapiyası və immunoterapiya müalicələrini də davam etdirir.

Sərt insan sindromu əzələlərdə sərtlik, gərginlik və ağrılı spazmlarla müşayiət olunan olduqca nadir nevroloji xəstəlikdir. Xəstəliyin dəqiq müalicəsi məlum olmasa da, simptomların nəzarətdə saxlanılması mümkündür.

Selin Dion daha əvvəl bu xəstəliklə mübarizəsini həyatının ən çətin təcrübələrindən biri adlandırıb və yenidən səhnəyə çıxmaq üçün qətiyyətli olduğunu bildirib.

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Xalqı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share