22/04/2026
Qlobal çağırışların həllində qadınların liderliyi zəruridir.
Aprelin 20-də Şimali Avropa və Baltik ölkələrinin səfirlikləri, Gender & Media Watch və Kitabıstan Tədqiqat Mərkəzi birlikdə “Qlobal çağırışların həllində qadın liderliyinin rolu: Azərbaycan və Şimali Avropa-Baltik ölkələrindən təcrübələr” mövzusunda panel müzakirəsi təşkil etdi.
Tədbirin açılış hissəsində Litvanın Baş naziri xanım İnqa Ruqinienenin xüsusi olaraq bu tədbir üçün hazırlanmış video müraciəti, həmçinin Finlandiyanın keçmiş prezidenti xanım Tarya Halonenin Kitabıstan üçün verdiyi eksklüziv müsahibədən qadın hüquqlarının qorunması və qadın liderliyinin təşviqi ilə bağlı hissənin nümayiş etdirilməsi böyük marağa səbəb oldu.
Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi, Gender & Media Watch-un təsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə keçirilən panel müzakirəsində yerli ekspertlərlə yanaşı Şimali Avropa və Baltik ölkələrindən olan spikerlər çıxış edərək qadınların liderlik mövqelərində təmsilçiliyinin artırılması, qərarqəbuletmə proseslərində rolu, sülh quruculuğu, biznes və sosial sahibkarlıq sahələrində iştirakına dair fikirlərini bölüşüblər. Tədbir interaktiv sual-cavab sessiyası ilə davam edib.
Böyük ictimai diqqəti cəlb edən bu tədbir diplomatik korpus nümayəndələrini, beynəlxalq təşkilatların nümayəndələrini, yerli və xarici ekspertləri, vətəndaş cəmiyyəti fəallarını, eləcə də mövzu ilə maraqlanan ictimaiyyəti bir araya gətirərək çoxşaxəli dialoq üçün mühüm platforma rolunu oynayıb.
Kitabıstan BMT DİM 5-ə sadiqliyini bir daha bəyan edir.