03/07/2025
Bu günlərdə “Şərq-Qərb” nəşriyyatında daha bir əhəmiyyətli layihəyə imza atılmışdır. Azərbaycan tarixi, Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazın geosiyasətinə dair 250-dən çox elmi və publisistik məqalənin müəllifi, AMEA İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, 2014-cü ildən Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun “Azərbaycan və Qafqazda erməni məsələsi” kitabı işıq üzü görmüşdür. Kitab Azərbaycanın Cənubi Qafqazdakı tarixi ərazilərinə həsr olunub. Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin arxivlərində elmi araşdırmalar aparmış müəllif kitabda qədim dövr, orta əsrlər və son dövrlərə aid 400-dən çox mənbə təqdim etmişdir. Bu mənbələr əsasında Azərbaycanın ən qədim dövrlərdən Qafqazda baş verən bütün proseslərdə mühüm rol oynadığı sübut edilmişdir. Mənbələrin coğrafiyası və xronologiyası görülən işlərin ciddiliyini və Azərbaycan tarixinin öyrənilməsinə əhəmiyyətli töhfə verdiyini aydın şəkildə göstərir.
Kitab bölgəmizdə gedən ictimai-siyasi proseslərə fərqli nəzər salmağa və çar Rusiyası tərəfindən ermənilərin Qafqaza kütləvi şəkildə yerləşdirilməsinin altında yatan səbəbləri görməyə imkan verir. Həmçinin burada erməni köçkünlərinin bölgənin xristian xalqlarının zəngin mənəvi, memarlıq və yazılı irsini mənimsədiyinin bütün incəlikləri göstərilir.
Kitab ingilis dilində nəşr edilib və qeyd edilən məsələnin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.