24/12/2025
Bahadur Seyidov yazır:
Mən indi başa düşürəm ki, niyə Hacıbala müəllim Abutalıbov Bakının hansısa yerini qayıranda bizdən müvəqqəti narahatlığa görə üzr istəyirmiş.
Maşınımı satmışam. Yeni maşın almağa tələsmədim. Dedim, qoy bir az hərəkət edim. İşdən evə, evdən işə piyada gedim. Axı deyirlər, piyada gəzən adamın fikri də açılır.
Bu gün bismillah deyib Əhməd Rəcəblidən ofisimdən çıxıb Ceyhun Səlimov (Papanin) küçəsinə piyada gəlməyə başladım. Google Map-i açıb piyada rejiminə keçirdim. Cəmi 3,5 km idi. Düşündüm ki, burdan buradı vəssalam — hər gün səhər piyada gələcəyəm, axşam da piyada qayıdacağam. Günlük addım limitim də dolacaq. Özümü bir anlıq çox mədəni, çox avropasayağı, hətta bir az da ağıllı hiss etdim.
Əhməd Rəcəblidən çıxıb birtəhər sağ-sol edib bir kilometr gəldim. Xəritə məni gah sağa, gah sola, gah da tunelə saldı. Bu yerdə anladım ki, xəritə ilə həyat arasında fərq var. Bir neçə dəfə səki bitəndə dayandım, düşündüm. Öz-özümə dedim: böyük adamlar da vaxtilə yolunu itirib. O an özümü gah Enşteyn kimi hiss edirdim — hər şey nisbidir deyə-deyə səhv yola girən, gah da hansısa məşhur səyyah kimi — xəritədə olmayan yerləri kəşf edən.
“Yəqin qarşıda düzələr” deyib bir-iki hasar aşdım, dəmirdən tullandım, şlaqbaumun altından keçdim. Burda artıq şəhər bitmişdi, macəra başlamışdı. Nəhayət elə bir yerə çıxdım ki, burdan məni yalnız möcüzə xilas edə bilərdi. Ya yenidən 2,5 km geri qayıtmalı idim, ya da Dərnəgül yolunu keçməli. Alınmırdı. Maşınlar elə sürətlə gəlirdi ki, adam öz həyatını kino kimi gözdən keçirirdi. İrəli getmək də olmurdu, taksi də sifariş etmək olmurdu, çünki bolt yolun tən ortasını yol hesab etmirdi. Mən isə artıq xəritəyə yox, taleyə inanırdım.
Dar bir ayaqqabının güclə yerləşdiyi “səki” tapıb onunla gəldim. O an başa düşdüm ki, həyat dediyin bəzən bir cığır olur, onu da tapana qədər adam özünü itirir.
Bu arada, bağırsaqlarımdakı faydalı bakteriyalar elə bildi ki, mən Everest dağına qalxıram. Sevindilər, başladılar serotonin ifraz etməyə. Amma problem burasındadır ki, beyin o qədər qarma-qarışıq idi ki, bağırsağa qarışa bilmirdi. Bədən deyirdi “əhsən”, baş deyirdi “bura haradır?”. O hissdə özümü bir az da Aygün Kazımova kimi hiss etdim.
Mən indi başa düşürəm ki, niyə Bakıda taksi tarifləri ucuzdur. Bolt var, Uber var, Yandex var — hansını istəsən çağırırsan. Ona görə yox ki, camaata yazıqları gəlir. Ona görə ki, Bakıya bir turist gəlib Google Map-in piyada rejimini açsa, gedib hansısa badımcanlığa girəcək.
Hacıbala müəllim də ona görə müvəqqəti narahatlığa görə üzr istəyirmiş ki, bizə çoxdan yaraşdırılmış ömürlük narahatlığı birdən-birə hiss etməyək.