23/08/2026
Qadın Apologiyası
Uşaqlar gününə həsr etdiyim ötən yazıda xatırlayırsınızsa, uşaqların dünyanın ən təmiz və saf bir varlıqlar olduğunu, uşaqlar gününün isə ən gözəl təqvimlərdən biri olduğunu qeyd etmişdim. Digər gözəl təqvim 8 mart, hər biri möhtəşəm olub bənzəri olmayan varlıq isə qadınlardır. Sözsüz ki, bu yazı qadınlar günü ilə bağlı deyil. Real hadisələr, təsadüf kimi görünən zərurətlərdən, xəyanətlərdən, məhəbbətdən, hisslərdən, uğurlu və uğursuz həyat hekayələrindən bəhs edən yarı avtobioqrafik, yarı ep*stolyar xarakterli bədii romandan sonra üz tutduğum ikinci mövzu “Qadın Apologiyasıdır.”
Əlbəttə ki, fikirlərimə, düşüncələrimə bələd olan yaxın çevrəmdəki şəxslər qadınların, onların hüquqlarının hər daim müdafiəsində olduğumu bilirlər. Etiraf edim ki, hətta bəzi hallarda mövqeyim haqsız müdafiə kimi alqılanıb. Lakin bir qadından söhbət gedirsə, zənnimizcə, müdafiənin haqlısı-haqsızı olmaz. Bəlkə də, mövqe yanlış kimi qarşılana bilər. Amma müdafiə səngiməməlidir. Ən azından ona görə ki, qadınlar əksər hallarda haqlıdırlar.. Epizotik hallarda qadınlar haqsız sayılsalar belə, bu qadınların əvvəllər yığılıb qalaqlanmış haqsızlıqlara olan hayqırılarıdır. Hakimlik dönəmində qadına şiddət göstərən, təhqir edən şəxslərə qanunun yol verdiyi həddə ağır cəza verdikdən sonra, yuxarı instansiya məhkəməsi həmin cəzanı azaltmağı labüd bildikdə sadəcə qiymətləndirmə və yanaşma meyarlarının kəskin fərqləndiyini görüb təəssüf edirdim. Ünvansız və cavabı tələb edilməyən sualları – ritorik sualları özüm-özlüyümdə təkrar edirdim. Bir qadının döyülməyi cəsarətdirmi? Bir qadının söyülməyi məharətdirmi? Bir qadının incidilməyi ədalətdirmi?
Bu suallara detallı şəkildə kitabımda cavablar veriləcək. Real hadisələrin təsviri ilə, real hekayələrin nəqli ilə. Lakin, bəzi düşüncə və təhlillərimi Sizlərlə paylaşmaqda qüsur görmürəm.
Ta qədim zamanlardan bütün hüquqları buxovlanan, hər sahədə iştirakı məhdudlaşdırılan, özünü səbəbsiz və əsassız yerə, eqoistcəsinə “güclü cins” adlandıran kişilər tərəfindən sıxışdırılan varlıq məhz elə qadınlardır. Təəssüf ki, bir çox filosoflar, bilim insanlarının da qadınlara münasibəti heç də ürək açan olmayıb. Məsələn, e.ə. yaşamış Zərdüştün mövqeyi: “yaxşı əməllər gözəl qız, p*s əməllər çirkin qız surətində axirətdə zahir olacaq. Bir qadınla danışmaq üçün əlindən qamçını əskik eləmə.” Yunan filosofu Demokrit: “Qoy qadınlar mühakimə yürütməsinlər, bu dəhşətdir.” Digər yunan mütəfəkkiri Aristotel: “Qadın təbiət tərəfindən eybəcərləşdirilmiş kişidir. Qadın baş tutmamış kişidir.” Alman filosofu Nitsşe Fridrix: “Qadın ən xətalı oyuncaqdır. Kişinin səadəti “mən belə istəyirəm” deməyində, qadının səadəti isə “o belə istəyir” deməyindədir. Onlar öz dayazlığını ört-basdır etmək üçün itaət etməlidir.” Foma Akvinalı: “Qadınlar təbii varlıq kimi kişilərdən aşağıdır. Qadınlar passiv, kişilər yaradıcı və aktivdir.” “Allahın Kəlamı” mənasını daşıyan Bibliyanın bir hissəsi olan Əhdi-Cədidin “Müqəddəs Həvari Pavelin Korinflilərə I məktubu”, XIV fəsli, 34-cü ayə: “Arvadların cəmiyyətdə sussunlar, zira, onlara danışmaq qadağandır. Onlar Qanunun da buyurduğu kimi, tabelikdə olmalıdırlar.” Qurani-Kərim “Nisa” surəsi 34-cü ayə: “Kişilər qadınlar üzərində himayədardırlar, çünki Allah kişiləri qadından üstün qılmışdır, bir də kişilər öz mallarından sərf etməkdədirlər. əməlisaleh qadınlar itaətkardırlar, qorunub saxlanılması Allah tərəfindən buyrulanı onlar da qoruyub saxlayırlar. Sədaqətsizliyindən qorxduğunuz qadınlara öyüd-nəsihət verin sonra onları yataqlarında tərk edin, yenə dinləməzlərsə, onda onları döyün. Bundan sonra əgər sizə itaət edərlərsə, o zaman onların əleyhinə başqa bir yol axtarmayın.”
Beləcə bir çox fikir və mülahizələr mövcuddur. Əslində dəyərsiz və səbatsız fikir və mülahizələr. Qadına dayaz deyən kişi, qadın ruhunun dərinliyinə baş vura bildinmi? Vurmadın, çünki baş vurmuş olsaydın dərinliyə çatmamış boğulardın. Qadına passiv deyən kişi, bir dəfə də olsun soruşdunmu qadın nə istəyir, qadın nə hiss edir, qadının arzusu nədir? Qadına baş tutmamış kişi deyən kişi, haqlısan əslində, kişi kimi primitiv ola bilmədi. O üzdən də o, qadındır. Qadınla əlində qamçı saxlayıb danışan kişi, özünü kişimi sandın? Sizin kimi kişilər qadınlardan nə istədi? Niyə öz fiziki gücünüzlə öz zəifliyinizi qorumaq üçün qadını, onun ruhunu incitməyi seçdiniz?! Cavab yoxdur əlbəttə ki....
O ki, qaldı dini kitablardan gətirilən sitatlara, onları bir başqa yazıda daha dərin və ətraflı təhlillə şərh edəcəyəm.
Qadınlar ancaq itaət üçün yaranıb.... Halbukı, idrakın üç forması olan hissi, əqli və intuitiv formalarının üçü də məhz qadının varlığının formuludur. Kişilərdə bunlardan əsas üstünlük təşkil edən əqli forma olsa da, qadında bu üç formanın üçü də bir-birini tamamlayaraq vahid ruh yaradır. Qadın ruhu. O qadın ruhu ki, “duyğu”, “xəyal gücü”, “ilhamlanmaq”, “arzu”, “eşq”, “sevgi”, “qayğı” kimi sözləri bəşəriyyətə bəxş etdi. Sözsüz ki, romantik şairlər, yazıçılar, rəssam və bəstəkarların demək olar ki, hamısı kişi cinsinə mənsub olsalar da, onları yaratmağa sövq edən qadın ruhu olub. Həmin əsərləri yaradan sənətkarlardan çox qadınlar uğura imza atıb. Necə? Filosof Emerson qeyd edirdi ki, kiminsə həyatını yaşxılaşdırmaqla bir az daha yaxşı etmək, ürəkdən gülmək, sənin yaşadığın üçün kiminsə rahat nəfəs aldığını bilmək – bütün bunlar uğura nail olmaqdır. Qadınlar bu uğurun gerçək sahibləridir. Gözəl və ya çirkin qadın olmaz. Zərdüştün bu oxşatması tamamilə yanlışdır. Bir tək məhfum var. Qadın ruhu... O ruh həmişə gözəldir.
Bütün bu psixoloji və fiziki zorakılıqların qarşısında bəs qadınlar nə etdilər? İllərlə, qərinələrlə, əsrlərlə, minilliklərlə susdular. Susqunluq əslində bu minilliklərin bəxş etdiyi əzab-əziyyətdən alınmış bir dərsdir. Lakin qadınlar susmaqla gücləndi, müqtədir olmağın yollarını tapdı. Çox maraqlıdır. Heç bir üsyan qaldırmadan, münaqişə yaratmadan, mübarizənin aktiv fazasına keçmədən. Susqunluqları ilə onları susduran kişiləri əzib keçdilər. Sadəcə susqunluqla. Bax elə bu ilahi ədalətin rəmzidir. Kişi qadını susdurmaqla, ona işgəncə verməklə, psixoloji təzyiq etməklə əslində öz acizliyini gizlətməyə çalışdı.
Xoşbəxtçilikdən özünə, düşüncələrinə, yanaşmasına hörmət edən filosofları da tarix yetişdirdi. Platon qadının təhsil almağının vacibliyini vurğulayıb və “Sim po zium” dialoqunda Dayotimanı Sokrata fəlsəfi dərrakə qabiliyyətini bəxş etmək şərəfi olan qadın kimi təsvir edib. Məhz qadına bu cür yanaşan Platonu fəlsəfənin şairi adlandırmaq olar. XIX-XX əsr mütəfəkkiri Rabindranat Taqor: “insan təbiət və kainatla vəhdətdir. Mən qadının gözəlliyini tutmaq istəyirəm. Lakin əlimdə bədəni qalır. Ruha müyəssər olan çiçəyə təmas etmək olarmı?” Eramızdan əvvəl yaşamış və Budda adı ilə tanınan Qautama Sakiya Muni: “Qadın təbiətdən bilikli olur, kişilər isə kitablardan öyrənir.” Simone de Bovuar yazır: “Mütləq bir qadın və ya mütləq bir kişi təbiəti yoxdur. Kişilər transendent təbiətli olduğu qədər, qadınlar da immanentdirlər. Qadınlar yumşaq, dəyərli bitkidir.” Çünki kişilər rahatlığı çöldə axtarırlar, qadınlar isə rahatlığı axtarmır. Qadının özü elə hüzurdur, qadının olduğu yerdir rahatlıq. Fransız filosofu Monten De Mişel dünya tarixində 3 görkəmli insanı seçərkən birinci yerdə yunan yazıçısı Homeri qeyd edib. Həmin Homer ki, görməyən gözləri ilə bəşər tarixinin ən gözəl əsəri olan “İlliadanı” yazıb. Homer qələmi ilə allahlar yaradıb, lakin özünü allah saymayıb. Həmin “İlliada” əsəri ki, dünyanın gördüyü ən dəhşətli və qanlı müharibəsi olan “İtaka” savaşının bir qadın – gözəl Yelena uğrunda baş verdiyini təsvir edir. Ən gözəl hissləri daşıyan ilahələri qadın ruhunda yaratmış və yaşatmışdır dünya işığını görməyən Homer. Dəniz ilahəsi Fetida, eşq ilahəsi Afrodita, gənclik və qayğı ilahəsi Heba, su ilahəsi Nayada, şəfəq ilahəsi Eos, bahar ilahəsi Persefona kimi...
Beləcə dövrlər dəyişdi. Yetişdi XIV əsr. Renesans dövrü. Sanki bu dövrün adı öz mahiyyətini insanların həm düşüncəsində, həm də ruhunda əxz etdirir və belə bir şüarla çıxış edir: “Ey insan cilldində müqəddəs varlıq, özünü dərk et!” Barokko incəsənəti, Spinoza təlimi, Empirik cərəyan, Deizm, Ateizm, Panteizm və nəhayətində Romantizm dövrü başlayır.
Hegel Romantizm dövrünün sanki talismanına çevrilir və insan-dünya ruhunu üç yerə bölür. I mərhələdəki ruhu – fərddə özünü tanıyan subyektiv ruh; II mərhələ dünya ruhu olan obyektiv ruhdur ki, cəmiyyətdə, ailədə, dövlətdə tərənnüm olunur. Üçüncü ruh mütləq ruh – incəsənətdə, fəlsəfədə və dində əks olunur. Üç ruhun üçünə də qadın müyəssərdir. Ən gözəl bəstələrin, yazılan şeirlərin, çəkilən rəsmlərin yeganə ünvanıdır qadın. Çünki qadın incəsənətin mərkəzində dayanan elə “incə sənətin” özüdür, özəyidir.
Fransa İnqilabı.... Sonunda.... Bəşəriyyətin ən mütərəqqi bəyannaməsi olan 1791-ci il “Qadın Hüquqları Bəyannaməsi” qəbul olunur. Bu mübarizə yolunda sözün əsl mənasında dahi adlandırıb qürur duyacağımız kişi həmin bəyannamənin müəllifi olan Olimpiya de Quj idi.
Kişilər özləri üçün cəmiyyət formalaşdırıb qadınları kənar tutdular. Qadını mühakimə etdilər, yaraladılar, incitdilər, ləkələdilər, damğaladılar, öldürdülər. Bununla qürrələndilər. Halbukı, bir şeyi anlaya bilmədilər ki, bir qadının getdiyi yolda üzü ağ, alnı açıq, başı dik yeriməyinə kişi nə qədər dəstək verirsə, qadının günah quyusuna yuvarlanmağının, ləkələnməyinin, yıxılmağının, səhvlərinin səbəbi elə kişinin özüdür. Qadını xəyanətdə damğalayıb öldürməyi özlərinə iş bildilər. Bəs kişilərin etdiklərini kim mühakimə edəcək? Xəyanətin cavabı əgər ölümdürsə o zaman dünya qadın və uşaqlardan ibarət əbədi xoşbəxtlik ölkəsi olan Elizium adlanar. Qadın doğuşdan günahsızdır. Artıq bu aksiomanı qəbul etmək üçün dirəniş göstərmək əbəsdir. Qadın bir eşqdir, dünya eşqi. Qadın bir güldür, cənnətdən bizə əmanət qalmış tək nişandır. Ya bu eşqin ortasında, mərkəzindəsən, ya eşiyində, həsrətində... Qadınlar əbədi həyat, insan simasında olan mükəmməlliyin təcəssümüdür. Heç təsadüfi deyil ki, yalnız qadınlara “Tanrının qadın üzü” mənasını daşıyan Sofiya adı verilib. Bunu unutmayın. Daima xatırlayın. Unutduğunuz zaman Maykl Bernard Bekvitin: “xatırlamağı xatırlayın” sözlərini xatırlayın. Öz dəyərinizə, əlçatmaz arzu olduğunuza hər daim sahib çıxmalısınız. Siz dahisiniz. Yalnız qəlbi sevgi ilə dolu olan dahi olar.
Siz sevgi ocağının özü, közüsünüz.
Təsadüfi də deyil məncə, qızılgülün qadın gözəlliyinin rəmzi olmasına. Əlbəttə ki, əksəriyyət qızılgülün qədim keçmişi ilə maraqlanmır. Sadəcə qadınlara bir çox hallarda qızılgül bəxş edildiyini bilirlər. Halbukı, qızılgülün qədim növlərindən olan Roza rudosanın yolgöstərən Zöhrə ulduzuna oxşar olaraq beşkünc simmetriya üzrə yerləşmiş beş ədəd ləçəyi vardı. Məhz buna görə qızılgül təsvirini “qadın başlangıcı” ilə əlaqələndirirdilər. Əslində “Roza” sözü latın dilindəki “Eros” sözünün anaqramıdır. Eros qədim Yunanıstanda cismi məhəbbət allahı kimi tanınıb. Roza həmin zamanlardan qadın gözəlliyinin baş simvolu olub.
Sizin dəyərinizi zamanla bilmədilər. Dəyərinizi bilməyənlər zamanın dərinliklərində dəyərsizləşdilər. Sizləri anlamadılar. Sizi anlamaq üçün isə sizi hiss etmək lazım idi. Təbiət sizi güclü yaradıb, zərif təqdim edib. Mövcudluğunuzun bu ziddiyyətli tandemi belə gözəldir.
Nələrə dözdünüz? Ayrı-seçkiliyə, məşəqqətə, ağrıya, əzaba, kişi eqosunun ən iyrənc təcəssümü olan sati sisteminə (sati – iudaizm adətlərinə görə əri ölən qadın diri-diri tonqalda yandırılmalı idi). Bu vəhşiliklərə bu qaydaları qoyanlar cavab verə biləcəkmi? Yalnız qadın bilir aldığı zərbələrin sayını, axıtdığı göz yaşının həcmini, canının necə ağrıdığını, ruhunun incidildiyini, qəlbinin sızıntılarını, beyninin əziyyət çəkməyini və bədənin qışqırtılarını. Artıq hər şey dəyişib. Zaman da, məkan da, ruh da, şüur da, insan övladı da.
Artıq incidilə bilməzsiniz. Artıq susa bilməzsiniz. Siz qadınlar, getdikcə güclənən sevginin əvvəlisiniz, sevginizin sonu yoxdur. Dərinliyiniz ölçülə bilməz, sahiliniz tapıla bilməz, heç bir kişi dayanıb qərar tutduğunuz zirvəyə çata bilməz. Sevgi sizin qəlbinizin kişilərə bəxş etdiyi nurdur. Kişilərin möhtac qaldığı, əbədi zülmətdən azad olacağı nurdur. Sizin sevginiz kişilərin duasıdır. Bu dua ilə kişilər öz “Sofiyalarına” yaxınlaşır, sığınırlar. Siz “Tanrının qadın üzü”sünüz. Sizi sevmək hiss deyil, sənətdir. İlk əvvəl kişilər bu sənəti öyrənməlidir. Artıq qarşınızda kişilərin təzim etməli, səcdədə durmalı olduğu yeni dövrdür.
Yazımı qadın-kişi münasibətlərində öz fikirləri ilə damğasını vurmuş Viktor Hüqonun sözləri ilə bitirmək istəyirəm: “Bəli, sevgilim, qapına gəldim və “Mən” olmaqdan vaz keçdim. Təki sən “kimsən” de... Sən kim olmağımı istəyirsənsə o olmağa gəldim...”
Qadınlara münasibətdə kişi eqosunun yerlə bir olduğu gözəl və azad bir əsrdəyik. Bir kişi əgər bunu dərk etmirsə o zaman.....
Qadınlar üçün Qadın Apologiyası.
Hörmətlə,
Elsun Əhmədov