10/02/2026
TAU-nun təşəbbüsü ilə yaradılan Milli Qida Texnologiyaları Platformasının altıncı iclası Türkiyədə keçirilib
Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü və Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmenin rəhbərliyi ilə Milli Qida Texnologiyaları Platformasının 6-cı iclası Ankara şəhərində keçirilib.
TAU-nun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda qida mühəndisliyi ixtisasının tədris olunduğu altı ali təhsil müəssisəsinin mütəxəssislərindən ibarət nümayəndə heyətinin Türkiyənin Hacettepe Universitetinə akademik səfəri təşkil edilib.
Səfər çərçivəsində TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Ümran Uyqunun başçılıq etdiyi Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Hacettepe Universitetinin Qida Mühəndisliyi fakültəsinin elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.
Əvvəlcə Hacettepe Universitetinin Qida Mühəndisliyi proqramının rəhbəri Ali Topcu Azərbaycandan gəlmiş akademik nümayəndə heyətini salamlayıb və universitetin akademik heyətini qonaqlara təqdim edib. Daha sonra fakültənin tədris və elmi-tədqiqat fəaliyyəti haqqında ümumi məlumat verilib. Azərbaycandan gəlmiş professor-müəllim heyəti Hacettepe Universitetində qida mühəndisliyi sahəsində həyata keçirilən təhsil proqramları və tədris planları ilə yaxından tanış olub, eyni zamanda tələbə və elmi-tədqiqat laboratoriyalarına da baxış keçirib.