
17/07/2025
Əslində dünən cavab verəcəydim, dünən partiyamızın 36 illiyini qeyd etdiyimiz üçün bu günə saxladım.
Ədalət Vəliyevin avtobusunun daimi yolçusu (avtobus müxalifəti), rejimin qurduğu hər bir konfiqurasiyasında canla-başla iştirak edən, özünü xalqa "müxalifətçi" kimi sırımağa çalışan İqbal Ağazadə açıq-aşkar şəkildə provokasion və təxribat xarakterli yazdığı statusu heç cürə cavabsız saxlaya bilməzdim.
Vətənimiz Azərbaycanın bir parçasını son 35 il ərzində amansız vəhşiliklərlə işğal etmiş və oradakı coğrafi yer adlarını bu dönəmdə dəyişdirməyə çalışmış ermənilərlə ölkəmizin qədim və aborigen sakinləri olan və daim ümum Azərbaycan mənafeyinə xidmət etmiş talışları eyni rakursdan, məhz belə iyrənc və provokasion şəkildə müqayisə etmək nə deməkdir?
Həm İqbal Ağazadə, həm də onun statusuna "like" yağdıran və rəylərdə dəstəkləyən dostlarının Talışlara bu qədər təhqiramiz və nifrətli mövqelərinin zərrəcə məntiqi əsası varmı?
Talışlar bu gün öz dillərində Türk millətinə "tırk" deyirsə, min illərdən bəri bugünəcən də "Lənkəran" ya "Astara" kimi rəsmiləşdirilmiş coğrafi adları öz əzəli "Lankon" ya "Ostoro" talış toponimlərilə qoruyub-saxlayıblarsa, burada qabağını və ya gerisini düşünüb nə məxfi və ya çirkin məqsədlər axtarıla bilər?
Məgər 44 günlük Vətən Müharibəsində İqbal Ağazadənin doğulduğu və ermənilər tərəfindən işğal edilmiş Füzuli rayonunun və ətraf əraziləri digər xalqların nümayəndələrilə birgə düşməndən azad edib və azad edilmiş evlərin divarlarında "Talış" imzalarını əks etdirmiş, elə həmin doğma "Lankon", "Ostoro" və s. kəlmələri dillərindən düşməyən Talışlar deyildimi?
İqbal Ağazadə hətta səlahiyyətli dövlət orqanlarını da onun təxribat xarakterli mövqeyində ona şərik və dəstək olmağa çağırır.
İndi isə çoxlu suallar ortaya çıxır:
1. Görəsən, İqbal Ağazadə və ona dəstək olan dostları ta əzəldən öz evlərində, doğma yurdlarında yaşayan Talışları Azərbaycan xalqına qarşı soyqırımı törədən, köçəri və işğalçı ermənilərlə bir sırada qoyub, onlara qarşı bu qədər antipatiya və nifrət hislərini oyatmaq və milli-etnik ayrıseçkilik salmaq cəhdlərinin arxasında hansı çirkin məqsədlər dayanır?
2. Adətən, özünün "quberniyası" saydığı ölkələrdə milli-etnik ayrıseçkilik, xalqlar arasında nifaq salmaq Kremlin əbədi siyasətidir, Azərbaycan-Rusiya münasibətləri belə gərgin olan vaxta İqbal Ağazadənin yazdığı statusa nə ad vermək olar, necə başa düşək?
3. Talışlar öz doğma ana dilində Lənkərana "Lankon", Astaraya "Ostoro" deməsi ilin-günün bu vaxtı İqbal Ağazadəni niyə bu qədər qıcıqlandırır?
4. Biz Gürcüstan, ruslar Qruziya, gürcülər isə öz vətənlərini öz ana dilində Georgia (Sakartvelo) deyirsə, talışların öz doğma ana dilində Lənkərana "Lankon" ya Astaraya "Ostoro" deməsinin nəyi qəbahətdir?
5. Ölkəmizin bu ağır günlərində rejimə qarşı xalqların birləşib vahid bir cəbhədə mübarizə aparması vaxtı xalqlar arasında nifaq yaratmaq, milli-etnik ayrıseçkilik salmaq üçün İqbal Ağazadə yazdığı statusun sifarişini kimdən və ya hardan alıb?
(Sualları artırmaq olar, kimin sualı varsa, rəy bölümündə yaza bilər)
Əziz xalqım, bundan sonra belə yazıları kimin yazmasından aslı olmayaraq rast gəlsəniz bilin ki, içimizdə nifaq salmaq, birliyimizi dağıtmaq doğma Azərbaycanımızın firavan gələcəyinə, demokratikləşməsinə, insanlarımızın xoşbəxt yaşamasına hər bir vətəndaşımiza vurulacaq zərbədir. Heç biriniz İqbal Ağazadənin bu cür təxribatçı yazılarına fikir verməyin, münasibət bildirməyin. Belə yazıları və müəllifini ancaq və ancaq lənətləmək lazımdır.
Yaşasın vahid Azərbaycanımız!
Ceyhun Novruzov