
09/10/2025
Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin ilə görüşür.
Putin Əliyevlə görüşə AZAL təyyarəsinin qəzasından başlamağı təklif edib. O, qəzanı səmada olan Ukrayna dronu ilə əlaqələndirib. Deyib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin buraxdığı iki raket birbaşa təyyarəyə dəyməyib, bir neçə metrliyində partlayıb: "İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır".
Rusiya prezidentinin dediyinə görə, təyyarənin ekipajına Mahaçqalada eniş təklif olunub, amma onlar baza –əsas hava limanına getmək qərarı veriblər.
Putin qəza ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirib: "Rusiya AZAL təyyarəsinin qəzaya uğraması kimi faciəli hallarda lazım olan hər şeyi edəcək".
Rusiya prezidenti Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib: "Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək".
Əliyev Putinə təşəkkür edib
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İ.Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı V.Putinə təşəkkür edib.
"Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim", - o, bildirib.
İ.Əliyev habelə deyib ki, Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur: "Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib".