14/09/2026
"Son 15 il ərzində 140-dan çox ölkə Azərbaycanın beynəlxalq yardımından faydalanıb."
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, 2020-ci ildən etibarən Azərbaycanın beynəlxalq yardımları üçün təxminən 400 milyon ABŞ dolları həcmində vəsait ayrılıb.
"COVID-19 pandemiyası dövründə Azərbaycan 88 ölkəyə yardım göstərib. Afrikada əməkdaşlığımız Ebola epidemiyasına qarşı mübarizəyə dəstəyi, eləcə də qarşısı alına bilən korluqla mübarizə təşəbbüsünü əhatə edib. Bu təşəbbüs çərçivəsində 900 mindən çox insan göz müayinəsindən keçirilib, 150 mindən çox katarakta əməliyyatı həyata keçirilib", - o əlavə edib.
Tənqidçilər isə bildirirlər ki, xaricdə səhiyyə layihələrinə maliyyə ayıran Azərbaycan hökuməti ölkə daxilində vətəndaşların əlçatan və keyfiyyətli tibbi xidmətlə təmin olunması problemlərini həll etməyib.