18/07/2024
SERTİFİKASİYA SƏHİYYƏMİZ ÜÇÜN ZƏRƏRLİDİR!
Bu ölkədə həkimilərin, tibb işçilərinin ən hörmətsizləşdiyi, aşağılandığı qurum sertifikasiya komissiyasıdır.
Ən son 5 il bundan qabaq keçmişdim sertifikasiyadan. Bu il yenə keçmək üçün getdim. İllərdir həm sosial şəbəkədə, həm də tv, mediada danışdığımız, müzakirə etdiyimiz mövzular elə eynilə qalır. 5 il ərzində bu qurum 1 addım belə inkişaf etməyib. Sayı 10 000-lərlə olan həkimlər, feldşerlər və tibb bacıları bu prosedura məruz qaldırlır.
Biz həkimlər imtahan olunmaqdan qorxmuruq, lazımsa dəfələrlə edin. Hansı praktikadan götürmüsüz? Amma hansı datalarla, hansı ədəbiyyatla? Müasir tibbdə qəti istifadə olunmayan ədəbiyyatdan və kliniki tibbdə istifadə olunmayan yanaşma tərzi, müalicə vasitələri, müalicə üsullarından imtahan necə edə bilirsiz? Üstəlik səhv suallarla insanları necə imtahan edə bilirsiz? Sualların 90%-i yalnız rus ədəbiyyatı olan Dedov-Melniçenko nə vaxtdan endokrinologiyanın əsas kitabı olub? Google translate-də tərcümə edib “erməni-budaq” cümləli bir test sualını həkimin qabağına necə qoya bilirsiz? Məsələn, “Şəkərli diabet xəstələrində hamiləliyin saxlanılmsı üçün göstərişlərin genişlənməsinə mümkünat yaradıb?” Sual cümləsindən nə anlayırsız? Və ya “yumurtalıqların PCOS sindormu zamanı insulinə DAVAMLILIQSIZLIQLA keçəndə…” nə deməkdir? (Grammar Azi belə bunu anlamaz). Sualların istinad göstərildiyi ədəbiyyatda həmin səhifədə əlaqəsiz mövzulardır. Yəni səhifə və istinadı eləcə “atıblar” ora, saxtadır istinadınız.
Uşaqlara insulin təyinatı vahidini testə səhv yazıb həkimlərə əzbərlədib nə etməyə çalışırsız?
Sovet ittifaqı dağılıb, amma hələ də Kuşinqə İtsenko-Kuşing, Törnerə Şerşevski-Törner deyə yazırsız suallarda. Tibbi ədəbiyyatda heç istifadə olunmayan rus tibbinin qondardığı sindromlarla həkimləri tələyə salmağa çalışmağınız hansı etikaya sığır? Barı bu suallar doğru ola. Hər sualın 2-3 cavabını qoyub nə etməyə çalışırsız? Cavabları əzbərləyib vermək nə deməkdir? Tərtib olunan sualda diaqnoz yazılmadan tapmaca soruşmaq nə deməkdir? Tibbi praktikadan 20-30 illər öncə çıxarılmış dərman preparatları sual olaraq tərtib etməyiniz nə deməkdir? Dərmanların kimyəvi tərkibi ilə deyil, firma adı ilə yazmaq nə deməkdir? Onu belə səhv tərtib etmisiz. Siz bu imtahanla səhiyyənin səviyyəsini qaldırmırsınız əksinə daha da bərbad edirsiniz. Sertifikasiya ilə həkimləri daha ixtisaslaşmış kadr etmək istəyirsizsə o zaman gündəlik kliniki praktika üçün lazımlı suallar tərtib edəsiniz bəlkə?!
Dəfələrlə həm mail, həm də birbaşa efirlərdə yardımımızı təklif etdik həkim kolleqalarla. Amma mövzu həkimləri, tibb işçilərini ilişdirmək, tora salmaq olduğu üçün kimsə qəbul etmədi yardım təklifini qurumunuzdan. İmtahandan həftələr əvvəl səhv suallarla bağlı müraciətimə də baxmadınız. Yanlış sualları nəinki müzakirə etmək, heç göstərmək də istəməməniz də həqiqətən ayıbdır. Sizə inzibati cəza verib səbəbini deməsələr nə dərəcə xoşunuza gələr? Təqsirsizlik prezumpsiyası deyə bir şey var. Güc strukturları belə bunu etmir. Hər girişdə üzərimizdə olan əşyaları, telefonları, maşın açarı qulaqlıqlar təhvil verməyin nə olduğunu da anlamadım. Həbsxanadır, Daxili İşlər Naziliyidir, DTX-dır bilmədim vAllah.
44 günlük müharibədə heç soruşmadınız müharibəyə göndərilən biz həkimlərə sertifikasiyadan keçmisiz ya yox? Ümumiyyətlə müharibə vaxtı harda idiniz, nə iş gördünüz, nə fəaliyyətiniz oldu irəlidə olan həkimlərlə əlaqəli? İmkanınız olsa Şəhid Həkimlərin sertifikasiyadan keçmədiklərinə görə statuslarını da əllərindən alarsınız.
Nə isə mövzu çox uzundur yazılmaqla bitməz. Ümid edirəm ki, Səhiyyə Nazirliyi rəhbərliyi qurumunuz ilə əlaqəli ən qısa müddətdə uyğun tədbirlər görülməsi barədə sərəncam verər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
©Fərhad Burzu