10/10/2025
- "Göyəzən 35" qəbulda
✔️Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi polkovnik Eldəniz Namazovun Hadrud əməliyyatı ilə bağlı xatirəsi
10 oktyabr... İkinci böyük nailiyyət: - Hadrut şəhəri XTQ -lərin analoqsuz döyüş taktikası ilə azaddır!
Mən polkovnik Zaur Cavanşirin rəhbərlik etdiyi İdarəetmə məntəqəsindən 1 saatdan az vaxtdır ki, ayrılıb, Hikmət Mirzəyevin yanına, Əsas Komanda Məntəqəsinə doğru irəliləyirəm...
Şəhərdə təmizləmə işləri aparılmasına baxmayaraq, düşmən bu məğlubiyyətlə razılaşmaq istəmir, demək olar ki, bütün istiqamətlərdən həm şəhərə, həm də ona doğru olan bütün təminat-təxliyyə yollarına aramsız atəş açmaqda davam edir...
Bu zaman rabitədə Rabitə rəisi polkovnik Telman Musayevin - "Göyəzən 35" cavab ver - səsini eşidirəm.
- " Göyəzən 35" qəbulda
- "Təcili keç məxfiyə və diqqtlə qulaq as"
- " Oldu "
- Eldəniz, sən yolun harasındasan? Sən ordan çıxanda polkovnik Zaur Cavanşirin məntəqəsi hardaydı?
- Nəsə olub???
- Hə.. deyəsən Onların Komanda Məntəqəsi düşmənin əlinə keçib.. başqa adam cavab verir, ya da məcburi danışdırırlar...
- Komandan hanı? Mənim ora qayıtmağım üçün onu razı sal Telman!
- O özü belə qərar qəbul edib... Deyir bütün halları və olacaqları nəzərə alaraq, özü ilə lazımi qüvvə götürüb təcili müdaxilə etsin! Unutmayın, XTQ - dən əsir düşə bilməz!!! (Bu sözlərin arxasında nələr dururdu İlahi...)
- Oldu!
Artıq təyin olunmuş yerə, KM-nin yanına yaxınlaşmışdıq.. bütün zəruri tədbirlər alınıb və irəlidə olan biləcəkləri düşündükcə...
Müşahidəmiz hər şeyin qaydasında olduğunu göstərir... Adi qaydada, fəaliyyət davam edir...
Tez Zirehli texnikaya yaxınlaşıb əsgərə, cənab polkovnik hardadır? - soruşuram.
- Burdadı, yaxşı deyil, huşsuz vəziyyətdə uzanıb...
Tez yaxınlaşıb oyadıram.. cənab polkovnik, yaxşısınız?
- Mən həmişə yaxşıyam, boğuq səslə cavab verir...
Əlimdə tutduğum "Redbull" və "Mars"şokaladını uzadıram. Alır və illərin susuzluğunu yaşayanlar kimi, bir nəfəsə başına çəkir.. gözləri dərinlikdə, anlaqsız baxışlar... Hiss edirəm ki, yorğunluq artıq Bizim üçün hər zaman yorulmaz, usanmaz olan cənab polkovnikimizə doy gəlmək üzrədir...
- Siz azca istirahət edin.. Vıtənə hələ çox lazımsınız! Bilmək olmaz müharibə nə vaxt bitəcək..
- Yox! Bu dəqiqə həssas məqamdır! Komandanın tapşırığı var, mən diqqətli olmalıyam. Yata bilmərəm!
- Yatıb dincəlməsəniz, biz növbəti döyüşlərdə olanda, siz yəqin halsız vəziyyətdə hospitalda yatarsız - qıcıqlandırıcı sözlər təsirini göstərir...
- yaxşı, amma diqqətli ol!
Rabitənin arxasına keçib: - "Zəfər, Göyəzənəm. Hər şey qaydasındadır!- raportunu verirəm...
Bu vaxt polkovnik Zaur Cavanşirin boğuq səsini eşidirəm:
- Eldəniz.. Diqqətli ol. Bu təlim deyil! İkinci şansımız yoxdur!!!
Düşünürəm.. Yaxşı ki, Sizin kimi Komandirlər, Zabitlər, Əsgərlər tanıyıram və Silahdaşlarım var!!!
Bir daha Qələbənin tezliklə bizim olacağına əmin oluram!!!