
11/08/2025
Bahadur Seyidov yazır
Ağ evdəki imzalar: Azərbaycanın qazancı və imkanları
Ağ Evdə İlham Əliyev, Donald Tramp və Nikol Paşinyan eyni masada oturdu və sülh sazişinə paraf qoydu. Çoxları üçün bu, “diplomatik jest” kimi görünə bilər. Amma sənədin arxasında Azərbaycanın illərlə arzuladığı – ərazi bütövlüyünün tam tanınması, Zəngəzur dəhlizinin açılması, Naxçıvan blokadasının qaldırılması kimi – hədəflər dayanır.
Ərazi məsələsi – qapandı
Ən vacib məqam: Qarabağ məsələsi bitdi. Rəsmi sənəddə Azərbaycanın ərazi bütövlüyü tanındı. İllərlə “status”, “xüsusi idarəetmə” kimi manipulyasiyalarla vaxt uzadanlar indi imza atıb bu mövzunu bağladılar. Bu, hərbi zəfərin diplomatik möhürüdür.
İlham Əliyev 44 günlük müharibədə ordunu qələbəyə aparmaqla bitirmədi işi – sonrakı beş ildə diplomatiya masasında da eyni möhkəmliklə oturdu. Və nəticədə döyüş meydanında qazandığını rəsmi sənədə, imzalanmış bəndlərə saldı. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi bahasına mümkün oldu.
Zəngəzur dəhlizi – kağızdan yola
İkinci əsas üstünlük – Zəngəzur dəhlizi. İllərlə “blokada” dediyimiz Naxçıvan yolunun açılması kağızdan çıxıb reallığa çevrilir. İdarəetmə və təhlükəsizlik beynəlxalq zəmanətlə olacaq, yəni heç kim “bu gün açdım, sabah bağladım” deyə bilməyəcək. Bu, təkcə yol deyil – Azərbaycanın qərb qapısını birbaşa Türkiyəyə, oradan da Avropaya açan əsas nəqliyyat damarıdır.
Sənəddə bu layihə “Trump Yolu” kimi yazılıb, amma biz onu Cənabın qoyduğu adla çağıracağıq.
Diplomatiyada yeni mərhələ
Bu sazişin Vaşinqtonda imzalanması özü ayrıca mesajdır. İllərlə Qafqazda “hakim vasitəçi” rolunu oynayan Moskva indi kənardan baxır. Azərbaycan balanslı siyasətini qoruyaraq həm regionda, həm də Qərbdə güclənir.
Son beş ildə İlham Əliyev elə bir diplomatik xətt tutdu ki, indi ən qabaqcıl dünya liderləri ilə eyni masada oturaraq öz şərtlərini qəbul etdirir.
İqtisadi hədəf – tranzit mərkəzi
Sülhün iqtisadi faydası dərhal hiss olunacaq. Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri sürətlənəcək, xarici investor gələcək. Zəngəzur dəhlizi ilə yanaşı yeni yollar, dəmir yolları, enerji xətləri Azərbaycanı regionun əsas tranzit mərkəzinə çevirəcək. Bu, həm dövlət büdcəsinə, həm də yerli iş yerlərinə birbaşa təsir edəcək.
Bu sənəd bizim illərlə arzuladığımızı rəsmiləşdirdi: Qarabağ Azərbaycandır, Zəngəzur dəhlizi açılır, Naxçıvan blokadası qaldırılır, Azərbaycanın nüfuzu artır. Və bütün bunlar həm döyüş meydanında, həm də diplomatiyada öz sözünü deyən İlham Əliyevin siyasi kursunun nəticəsidir. İndi əsas məsələ – imzanın gətirdiyi imkanları vaxtında və maksimum istifadə etməkdir.
Bahadur Seyidov