Qazetci

Qazetci Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von Qazetci, Medien- und Nachrichtenunternehmen, Berlin.

Ermənistan hökuməti qarşıdakı beş il ərzində yeni Konstitusiya hazırlamağı planlaşdırır. Bu, Baş nazir Nikol Paşinyanın ...
26/08/2026

Ermənistan hökuməti qarşıdakı beş il ərzində yeni Konstitusiya hazırlamağı planlaşdırır. Bu, Baş nazir Nikol Paşinyanın parlamentə təqdim etdiyi və daha sonra deputatlar tərəfindən təsdiqlənən 2026–2031-ci illər hökumət proqramında əksini tapıb.

Məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirdiyi müddəaların aradan qaldırılmasını tələb edir. Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin sənəddə isə Ermənistan və Dağlıq Qarabağın “yenidən birləşdirilməsi” ilə bağlı müddəa yer alır.

Paşinyan avqustun 24-də proqramı parlamentdə təqdim edərkən bildirib ki, hazırlanacaq yeni Konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Onun sözlərinə görə, yeni Konstitusiya Ermənistanın “Dördüncü Respublika” mərhələsinə keçidini təmin etməlidir. Paşinyan bu məsələnin Azərbaycan tərəfindən irəli sürülən tələb olmadığını, Ermənistanın öz daxili siyasi gündəliyinin bir hissəsi olduğunu vurğulayıb.

Ermənistan Baş nazirinin ofisinin yaydığı 2026–2031-ci illər proqramında yeni Konstitusiyanın hazırlanması ilə yanaşı, Azərbaycanla sülhün institusionallaşdırılması, sülh sazişinin imzalanması və ratifikasiyası, eləcə də iki ölkə arasında dövlət sərhədinin delimitasiyasının davam etdirilməsi hökumətin əsas xarici siyasət prioritetləri sırasında göstərilir.

Proqramda Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədin açılması, həmçinin Avropa İttifaqı ilə əlaqələrin daha da dərinləşdirilməsi də nəzərdə tutulur.

Ermənistan parlamenti proqramı avqustun 25-də 63 deputatın lehinə, 24 deputatın əleyhinə səsi ilə qəbul edib.

Reper Kənan Muğumovun, səhnə adı ilə “Eyzi”nin 15 sutka müddətinə inzibati qaydada həbs edildiyi bildirilir.Məlumatı onu...
26/08/2026

Reper Kənan Muğumovun, səhnə adı ilə “Eyzi”nin 15 sutka müddətinə inzibati qaydada həbs edildiyi bildirilir.

Məlumatı onun həmkarı “Epi” ləqəbli Əkbər Novruzlu 25 avqust tarixində yayıb. Novruzlu sosial şəbəkə paylaşımında məhkəmə qarşısında olduqlarını və Eyzi barədə 15 sutkalıq həbs qərarı verildiyini bildirib.

Əkbər Novruzlu reperin saxlanılmasının səbəbinin “Kəllə-Kəlləyə” layihəsində “Khan” ləqəbli reperlə iştirak etdiyi rep deyişməsi zamanı səsləndirdiyi ifadələrlə əlaqəli ola biləcəyini yazıb.

Həmin buraxılışda Eyzi və Khan rep deyişməsində iştirak ediblər.

Lakin hazırda Eyzinin konkret olaraq hansı inzibati xətaya görə məsuliyyətə cəlb edildiyi barədə rəsmi məumat verilməyib. Buna görə onun həbsinin rep deyişməsi zamanı səsləndirdiyi ifadələrlə bağlı olduğu barədə məlumat hələlik ehtimal olaraq qalır.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, oğlu Sedrak Köçəryan və daha dörd nəfər səhər tezdən korrupsiya ittihaml...
25/08/2026

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, oğlu Sedrak Köçəryan və daha dörd nəfər səhər tezdən korrupsiya ittihamları ilə həbs ediliblər.

Keçmiş prezident rüşvət almaqda və prezident vəzifəsindən sui-istifadə edərək əmlakları bazar dəyərindən qat-qat aşağı qiymətə ələ keçirməkdə ititham olunur.

Baş Prokurorluq Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə böyük miqdarda rüşvət almaq və xüsusilə böyük miqdarda pul yumaq ittihamları ilə cinayət işi açıb.

Köçəryan hansı xarici avtomobil şirkətinin Ermənistana yolunu açıb?

Köçəryan prezident olanda Paşinyanın qəzetini maliyyələşdirməyib?

Paşinyan hakimiyyətə gələndə Köçəryanla bağlı nə deyib?

Ətraflı saytımızdab oxuya bilərsiniz

24/08/2026

Ötən ilin iyul-avqust aylarında Azərbaycan neftinin çirklənməsi nəticəsində yaranan maliyyə itkiləri tam açıqlanmasa da, zərərin aradan qaldırılması üçün çəkilən xərclərin bir hissəsi bəlli olub.

SOCAR-ın yaydığı maliyyə hesabatında 2025-ci ildə çirklənmiş neftlə bağlı 161 milyon manat ehtiyat ayrıldığı qeyd olunub.

Amma, Azərbaycandan neft ixracını həyata keçirən “BTC Co.” şirkətinin operatoru “bp-Azərbaycan” çirklənmiş neftin təmizləməsi və yenidən bazara çıxarılmasına çəkilən xərclərlə bağlı sualları cavablandırmaqdan imtina edib. Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatorluğu bu il iyulun 1-dən “SOCAR Midstream Operations” (SMO) şirkətinə keçib.

“Həmin tarixdən BTC-yə aid bütün sualları cavablandırmaq səlahiyyəti operator kimi SMO şirkətinə keçdiyindən, BTC ilə bağlı bütün sorğularınızı “SOCAR Midstream”ə ünvanlamağınız xahiş olunur”, – deyə o, bildirib.

“bp-Azərbaycan”ın isə ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əsaslı xərcləri iki dəfə artıb. 2024-cü ildə BTC üzrə investisiya xərcləri təxminən 75 milyon manat olduğu halda, 2025-ci ildə əsaslı xərclər 167 milyon manata yüksəlib.

Ekspertlərin fikrincə, bu kəskin artım ötən il Ceyhan terminalında çirklənmiş neftin təmizlənməsi üçün görülən texniki tədbirlərlə bağlı xərclər ola bilər.

Qəzetçi-nin əsaslı xərclərin artımına dair sualına gəlincə, şirkət bu suala cavab haqqının da SOCAR Midstream-ə keçdiyini bildirib: “BTC-nin istər əvvəlki operatoru olan “bp-Azərbaycan”, istərsə də hazırkı operatoru SMO olsun, hər iki halda operator BTC şirkətinin adından danışmalıdır, şirkət ayrıca bir qurum kimi öz adından danışa bilməz. Sualın cavabı üçün onlar keçmiş operator kimi bizəmi müraciət edəcəklər, ya məlumatı arxivlərimizdənmi götürəcəklər – bu qərarı yalnız onlar özləri verirlər, biz yox”.

Xatırladaq ki, 2025-ci ilin iyul və avqust aylarında Türkiyənin Ceyhan terminalında satışa çıxarılan Azərbaycanın “Azeri Light” markalı xam neftində normadan artıq üzvi xloridin aşkarlanması beynəlxalq qalmaqala səbəb olmuşdu.

Əvvəlcə, İtaliyanın “Eni” şirkəti emal zavodlarına zərər vuran çirklənmiş neft partiyaları barədə “BTC Co.”nun operatoru olan BP-ni məlumatlandırmışdı.

Bundan əlavə, Rumıniyanın “Petrom SA” şirkətinin Azərbaycandan aldığı 184 min ton xam neftdə xlorid aşkarlanmış, ölkənin Energetika Nazirliyi fövqəladə vəziyyət elan edərək Avropa Komissiyasına müraciət etmişdi.

Avstriya və Çexiyadakı neft emalı zavodları da müvəqqəti olaraq Azərbaycan neftini qəbul etməkdən imtina etmişdilər.

Həmin dövrdə “Reuters” yazırdı ki, çirklənmə “Azeri Light” neftinin kəskin ucuzlaşmasına və yükləmələrdə bir neçə günlük gecikmələrə səbəb olmuşdu.

Rumıniya mediası isə neftin çirklənməsində Rusiya izlərinin olması ilə bağlı iddialar irəli sürürdü. “G4Media” yazırdı ki, Rumıniya hökuməti sözügedən məsələdə Rusiya xüsusi xidmət orqanlarının əlinin olub-olmadığını və hadisədən Avropanın enerji təhlükəsizliyinə qarşı “hibrid müharibə” vasitəsi kimi istifadə edilib-edilmədiyini araşdırır.

Azərbaycan hökuməti və “bp” həmin dövrdə bu iddiaları şərh etməyib. Lakin, hökumət mediasında keçmiş SOCAR əməkdaşının “Azeri Light” markalı xam neftini Rusiya mənşəli xam neftlə qarışdırması ilə bağlı ittihamlar səsləndirilib.

2025-ci ilin sentyabrında SOCAR-da müxtəlif rəhbər vəzifələrdə çalışmış Adnan Əhmədzadənin həbsi ilə “Rusiya təxribatına” dair səsləndirilən iddiaları rəsmi Bakı dolayısıyla təsdiqləmiş oldu. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham edilir.

Üzərindən bir il keçməsinə baxmayaraq, SOCAR-la “bp” çirklənmə nəticəsində dəymiş ümumi zərər və qarşı tərəflərə ödənilən kompensasiyalar barədə detallı açıqlama verməyib.

Ətraflı: şərhdəki linkdə

Siyasi məhbus Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı öz sosial media hesabında yazıb ki, həbsdə olan həyat yoldaş...
24/08/2026

Siyasi məhbus Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı öz sosial media hesabında yazıb ki, həbsdə olan həyat yoldaşı Umbakı həbsxanasında cərimə təcridxanasına (karsa) salınıb. Buna səbəb Ruslan İzzətlinin həbsxana rəhbərliyindən içməli su tələb etməsi olub. 

Günel Manaflının yazdığına görə, bu məlumatı ona Ruslan İzzətli ilə eyni həbsxanada saxlanılan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal verib. Əli Zeynal Günel Manaflı ilə telefon danışığında özünün də eyni tələbə görə cəzalandırıldığını və “kars”a göndəriləcəyini deyib.

“Umbakı Penitensiar Kompleksində ciddi su problemi yaşanır. 40 dərəcə istidə içməli su tapılmır. Ruslan İzzətli dəfələrlə bu problemin həllini tələb etsə də, məhəl qoyulmayıb”, – deyə Manaflı bildirib.

Ruslan İzzətli ilə Əli Zeynalın ardınca, eyni həbsxanada saxlanılan digər siyasi məhbuslar – Akif Qurbanov, Fərid İsmayılov və Ramil Babayev də cərimə kamerasına  salınıblar. Bu məlumatı iyunun 21-də “III Respublika” platformasının həmtəsisçilərindən biri Araz Əliyev öz sosial media hesabında yayıb. 

Həbsxanalarda içməli su və işıq problemi siyasi məhbusların yaxınları tərəfindən sosial mediada tez-tez səsləndirilir. 
Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli də işıq və içməli su  poblemi yaşadıqlarını bildiriblər. 

“Qəzetçi” məhbus ailələrinin həbsxanada içməli su və elektrik kəsintisi problemilə dair iddialarla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətilə əlaqə saxlasa da, məqalə dərc olunana qədər suallara cavab ala bilməyib. 

Ətraflı saytımızdan oxuya bilərsiniz.

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 24-də Milli Assambleyada hökumətin qarşıdakı beşillik proqramını təqdim ...
24/08/2026

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 24-də Milli Assambleyada hökumətin qarşıdakı beşillik proqramını təqdim edərkən Ermənistanla Azərbaycan arasında sülhünün davamlı olması ilə bağlı açıqlamalar verib.

Paşinyan bildirib ki, iki ölkə arasında sülhün davamlı olması üçün hər iki ölkədə bir-birinin ərazisi ilə bağlı “geri qayıtmaq” ritorikasından imtina edilməlidir.

O, çıxışı zamanı deyib ki, Ermənistanda Qarabağ ermənilərinin Azərbaycana qayıtması, Azərbaycanda isə “Qərbi Azərbaycan” və azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı diskurslara son qoyulmalıdır.

“Ermənistan “Azərbaycanda Ermənistanı”, Azərbaycan isə “Ermənistanda Azərbaycanı” axtarmağı dayandırmalıdır”, – deyə Paşinyan vurğulayıb.

O, əlavə edib ki, Ermənistan və Azərbaycan gələcək nəsillərin dinc və yanaşı yaşamaq hüququnu təmin etmək üçün buna qarşı mübarizə aparmalıdır.

22/08/2026

Raqil Hüseynov 2020-ci ilin iyulunda hərbi xidmətə yollanandan iki ay keçməmiş İkinci Qarabağ müharibəsi başlayıb. Döyüşlərə qatılanda onun 18 yaşı olub və oktyabrın 4-də Suqovuşan istiqamətindəki döyüşlərdə ağır yaralanıb.

Müdafiə Nazirliyinin 5 il əvvəl verdiyi hərbi həkim komissiyasının qərarında onun dinc və müharibə dövründə hərbi xidmətə yararsız olduğu yazılıb.

Əməliyyatlar və aylarla çəkən müalicədən sonra Raqil Hüseynova 5 il müddətinə II qrup əlillik təyin olunub. Bundan sonra o, Salyan rayonunun Qızılağac kəndinə valideynlərinin yanına qayıdıb, ailə quraraq həyatına davam edib.

Bu il mayın 20-də travmatologiyadan verilən arayışın diaqnoz hissəsində Raqilin ağrı sindromundan əziyyət çəkdiyi və əlinin funksiyasınnın pozulduğu yazılıb.

Arayışın həkim məsləhəti bölməsində Raqilin xroniki ağrılar, əllilliyə görə hərəkət məhdudiyyəti və şəxsi qulluq üçün köməyə ehtiyacı olduğunu göstərən kodlar qeyd olunub.

Travmatologiyadan verilən arayışda 6 xəsarət klassifikasiyası qeyd olunsa da TƏBİB-in nəzdində fəaliyyət göstərən Cəlilabad Rayon Xəstəxanasının həkim məsləhət komissiyası ancaq bir xəsarətə - partlayış nəticəsində barmaqların amputasiyasına istinad edərək ona əlilliyin təyin edilməsi üçün göndəriş verməkdən imtina edib.

Qəzetçi Raqil Hüseynovun iddiaları ilə bağlı həkim komissiyasının sədri Vüqar Mirzəyevlə əlaqə saxlasa da video dərc olunanadək cavab ala bilməyib.

Raqil Hüseynov deyir ki, müharibəyə yollananda ya ölmək ya da sağ-salamat qayıtmağı arzulayıb. Əlil olub heç kimdən asılı qalmaq istəməyib. Əlavə edir ki, hazırda yaşamağa davam etməsinə azyaşlı övladı stumul verir. Amma təəssüflə bildirir ki, ailəsinin ehtiyaclarını qarşılaya bilməməsi bir ata kimi onu çox utandırır. O, aidiyyəti qurumlardan kömək istədiyini deyir.

21/08/2026

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 20-də keçirilən mətbuat konfransında ermənilərin Tiqranşen dediyi kəndi Azərbaycan dilində olduğu kimi Kərki adlandırıb.

O, sərhədlərin delimitasiyası və Azərbaycanla Ermənistan ərazilərindəki anklavlarla bağlı danışarkən deyib ki:

“Artsvaşen Ermənistan ərazisidir,
Kərki Ermənistan ərazisi deyil,
Barxudarlı Ermənistan ərazisi deyil,
Yuxarı Əskipara Ermənistan ərazisi deyil”.

Azadlıq Radiosunun Ermənistan bürosu yazır ki, Paşinyan hazırkı və 90-cı illərin əraziləri arasında müqayisələr aparıb və bu məsələlərin Alma-Ata Bəyannaməsinə əsasən paralel həll edilməli olduğunu iddia edib.

1991-ci ildə Alma-Ata şəhərində keçmiş SSRİ-nin 9 respublikası tərəfindən imzalanan bəyanaməyə görə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyıb. Bəyannaməni Azərbaycan tərəfdən keçmiş prezident Ayaz Mütəllibov, Ermənistan tərəfdən sabiq prezident Levon Ter-Petrosyan imzalayıb.

Paşinyan mətbuat konfransında iki ölkə arasında ərazi məsələlərinin hərbi yolla həllinin mümkün olmadığını, mübadilə variantının da istisna edilmədiyini deyib.

Paşinyan bildirib ki, Artsvaşen, yəni Başkənddən olan məcburi köçkünlərlə görüşüb. Bu kənddən olan məcburi köçkünlərin bir hissəsi kəndin geri qaytarılmasını, digərləri isə ərazi mübadiləsini dəstəklədiklərini bildiriblər.

Hazırda Azərbaycan və Ermənistan anklavlarının sayı üçə birdir. Hesablamalara görə, onların əraziləri bir-birinə yaxın ölçüdədir. Başkənd təxminən 38-40 kvadrat kilometr, üç Azərbaycan anklavının sahəsi isə birlikdə təxminən 44 kvadrat kilometrdir.

Müdafiə Nazirliyinin rüşvət almaqda ittiham olunan Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov avqustun...
20/08/2026

Müdafiə Nazirliyinin rüşvət almaqda ittiham olunan Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov avqustun 18-də məhkəmə zalından azadlığa buraxılıb. “oxu az” yazır ki, bu qərarla razılaşmayan Baş Prokurorluq məhkəmənin qərarından protest verəcəyini açıqlayıb.

Həsənov hərbi qulluqçuların tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən təkrarən və külli miqdarda rüşvət almaqda, vəzifə saxtakarlığında və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurdu və barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Onunla bağlı Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri üzrə araşdırma aparılırdı. Rüşvət alma ilə bağlı 311.3-cü maddənin sanksiyası əmlak müsadirə olunmaqla 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə, vəzifə səlahiyyətlərindən ağır nəticələrə səbəb olacaq şəkildə sui-istifadəni tövsif edən 341.2.3-cü maddənin sanksiyası isə 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.

Lakin Bakı Hərbi Məhkəməsi ittihamı dələduzluqla bağlı 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrlə tövsif edib və Həsənova 7 min manat cərimə cəzası verib. Həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cərimənin məbləği 5 min manata endirilib. Beləliklə, külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq rəis uzunmüddətli həbs əvəzinə cərimə ilə məhkəmə zalından azadlığa buraxılıb.

Amma dövlət ittihamçısı Həsənovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini və üç il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməsini tələb edirdi.

Jurnalist Ramila Qurbanlı 6 saylı Uşaq Klinik Xəstəxanasında olduğunu bildirdiyi sanitar qovşağın görüntülərini sosial m...
20/08/2026

Jurnalist Ramila Qurbanlı 6 saylı Uşaq Klinik Xəstəxanasında olduğunu bildirdiyi sanitar qovşağın görüntülərini sosial media hesabında paylaşıb.

Paylaşımda xəstəxananın sanitar vəziyyətinə diqqət çəkən jurnalist görüntülərin ictimaiyyət üçün narahatedici olduğunu bildirib.

Jurnalistin sözlərinə görə, problemin yalnız sanitar qovşaqla məhdudlaşmır, otaq və dəhlizlər də oxşar vəziyyətdədir.

6 nömrəli Uşaq Klinik Xəstəxanası TƏBİB-in tabeliyindəki tibb müəssisələri siyahısında yer alır. TƏBİB-in Bakı tibbi ərazi bölmələri üzrə siyahısında Nərimanov Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzi ayrıca göstərilir.

Qeyd edək ki, 2026-cı il dövlət büdcəsində səhiyyə xərcləri üçün ümumilikdə 2 milyard 24 milyon 314 min 550 manat nəzərdə tutulub.

Adresse

Berlin

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Qazetci erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Verknüpfungen

Hervorgehoben

Teilen