ANHEL Xəbər Agentliyi

ANHEL Xəbər Agentliyi Azərbaycanın İnformasiya Xəbər Agentliyi ANHEL NEWS-dan düzgün,dəqiq və qərəzsiz xəbərlər.

Fəlakət - uşaq doğumunda 117 mindən 56 minəAzərbaycanda ən çox uşaq doğumu 2011-ci ildə doğulub.Məhz ondan sonra uşaq do...
21/09/2026

Fəlakət - uşaq doğumunda 117 mindən 56 minə

Azərbaycanda ən çox uşaq doğumu 2011-ci ildə doğulub.Məhz ondan sonra uşaq doğumunda azalma başlayıb və son illərdə bu rəqəmlər artıq əsl fəlakətə çevrilib.
Əgər 2011-ci ilin 8 ayında 117 min uşaq doğulmuşdusa, bu ilin 8 ayında bu rəqəm 56 minə düşüb.
Azərbaycan üçün biabırçı olan bir xəbəri sizinlə bölüşmək istəyirik - Azərbaycanda hər doğulan uşağa görə birdəfəlik müavinət 600 manat olduğu halda, Ermənistanda analoji göstərici 2300 manatdır.
Mənbə
Azadlıq Qəzeti

Sentyabrın 17-də Ali Məhkəmə Almaniyadan Azərbaycana readmissiya edildikdən sonra həbs olunan Samir Aşurovun vaxtından ə...
19/09/2026

Sentyabrın 17-də Ali Məhkəmə Almaniyadan Azərbaycana readmissiya edildikdən sonra həbs olunan Samir Aşurovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı kassasiya şikayətini təmin etməyib.

Yaxınlarının yaydığı məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin Aşurovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməməsi ilə bağlı olub.

Aşurovun həyat yoldaşı Nuranə Aşurova daha əvvəl bildirmişdi ki, həyat yoldaşı cəzasının üçdəiki hissəsini çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

“Samirə verilən haqsız cəzanın üçdəiki hissəsini çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət etmişdik. Amma Xəzər Rayon Məhkəməsi bu müraciəti rədd edib, Apellyasiya Məhkəməsi isə həmin qərarı dəyişdirmədən qüvvədə saxlayıb”, - Nuranə Aşurova deyib.

Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə də Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Hüquq müdafiəçisi Zəfər Əhmədov “Toplum TV”yə bildirib ki, məhkəmə iclası iki dəqiqədən də az çəkib.

“Bu proses tarixi rekord oldu. Mənim təcrübəmdə 6-7 dəqiqəlik proseslər olmuşdu. Lakin bugünkü proses iki dəqiqə çəkmədi. Məhkəmədə dövlət ittihamçısı belə iştirak etmirdi”, - o deyib.

Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan Azərbaycana deportasiya edildikdən təxminən 20 gün sonra Bakıda saxlanılıb.

O, Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub. Aşurova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Aşurov ittihamları rədd edir, sifarişlə həbs olunduğunu və bıçağın zorla cibinə qoyulduğunu deyir.

2023-cü ilin dekabrında məhkəmənin hökmü ilə Samir Aşurov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri Aşurovu siyasi məhbus sayır və həbsini Almaniyadakı etiraz aksiyalarında fəallığı ilə əlaqələndirirlər.
Mənbə
AbzasMedia

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycana səfərlə bağlı xəbərdarlığını ölkədə “özbaşına saxlanılma və ədalə...
19/09/2026

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycana səfərlə bağlı xəbərdarlığını ölkədə “özbaşına saxlanılma və ədalətsiz məhkəmə” riski ilə əsaslandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu iddiaları rədd edib.

Fransa XİN-in mətbuat katibi Paskal Konfavrö sentyabrın 17-də keçirdiyi brifinqdə Azərbaycana səfərin niyə tövsiyə edilmədiyi barədə suala cavab verib.

O bildirib ki, Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olan şəxslərə zəruri səbəb olmadıqca Azərbaycana səfər etməmək tövsiyə olunur. Mətbuat katibi bunu Azərbaycanda “özbaşına saxlanılma və ədalətsiz məhkəmə” riski ilə əlaqələndirib.

Fransa XİN-in sentyabrın 15-də yenilənən Azərbaycan üzrə səyahət tövsiyəsində də ölkənin böyük hissəsinə zəruri səbəb olmadıqca səfər etməmək məsləhət görülür. Nazirlik iddia edir ki, Azərbaycanda olan Fransa vətəndaşları, o cümlədən turistlər və işgüzar səfərdə olan şəxslər həbs, özbaşına saxlanılma və ədalətsiz məhkəmə riski ilə üzləşə bilərlər.

Sentyabrın 18-də Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransa tərəfinin mövqeyini “qətiyyətlə p*slədiklərini və rədd etdiklərini” bildirib.
Mənbə
AbzasMedia

“Qazax Regional İnkişaf Resursları” İctimai Birliyinin sədri, tarixçi Məhərrəm Göyüşoğluna 8 il həbs cəzası verilib. Məh...
11/09/2026

“Qazax Regional İnkişaf Resursları” İctimai Birliyinin sədri, tarixçi Məhərrəm Göyüşoğluna 8 il həbs cəzası verilib. Məhkəmə cəzanın 4 il sınaq müddəti ilə şərti tətbiq edilməsinə qərar verib.

“Abzas Media”nın əldə etdiyi məlumata görə, hökm sentyabrın 4-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Məhərrəm Göyüşoğlu Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib. Məhkəmə ona 3 il qeyri-hökumət təşkilatlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 8 illik həbs cəzası 4 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Məlumata görə, məhkəmə Göyüşoğlunun üç övladının olmasını, onlardan birinin azyaşlı olmasını, həmçinin II qrup əlilliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.

Göyüşoğlu məhkəmədə ona verilən ittihamlar üzrə özünü qismən təqsirli bilib. Məhkəmə isə onun ifadəsinin məsuliyyətini yüngülləşdirməyə yönəldiyi qənaətinə gəlib və ittihamların digər sübutlarla təsdiqləndiyini bildirib.
Mənbə
AbzasMedia

Avqustun 15-də saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə aparılan Validə Bayramova adlı (ad və...
08/09/2026

Avqustun 15-də saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə aparılan Validə Bayramova adlı (ad və soyad şərtidir) 41 yaşlı qadın orada cinsi qısnamaya məruz qaldığını iddia edir. Onun sözlərinə görə, həmin gün sözügedən bölməyə gətirilib və gecəni bölmənin dəhlizində keçirib:

“Saxlama yerində yer yox idi, kişiləri yerləşdirmişdilər. Ona görə də dəhlizə stul qoyub mənə orada oturmağı tapşırdılar”.

Qadın deyir ki, gecə saatlarında bölmədə bir baş leytenant və çavuş olub. Adını bilmədiyi baş leytenant onu cinsi qısnamaya məruz qoyub:

“Arıq, qarayanız bir oğlan idi. Başladı mənə qadınlarla münasibətindən danışmağa. Dedi ki, bir neçə gün əvvəl saxlanılan bir qadınla ayaqyolunda münasibətdə olub. Mən sərt şəkildə “bunları niyə mənə danışırsan, ayıb deyil?” dedim. Hеç halını pozmadan “gecə 4-ə qədər mən yatıram, sonra mən oyanıram, serjant yatır. O yatandan sonra, keçərik tualetə?”- dedi. Mən də ona “ayıbdır, elə edin ki, az da olsa polisə etimad edək. Mən təqsirləndirilən şəxs ola bilərəm, ancaq əxlaqsız deyiləm”- söylədim”.

V. Bayramova avqustun 16-da günorta saatlarında Nərimanov Rayon Polis İdarəsinin saxlama məntəqəsinə, səhərisi gün isə Bakı İstintaq Təcridxanasına aparılıb. O, Daxili İşlər Nazirliyinə baş verən qısnama hadisəsi ilə bağlı şikayət ərizəsi yazacağını bildirib.

Qadının sözlərinə görə, saxlanıldığı gecə 18-ci polis bölməsində yalnız bir baş leytenant növbədə olub. Bu isə onun iddiasının araşdırılması zamanı həmin polis əməkdaşının kimliyinin müəyyənləşdirilməsini mümkün edir.

Meydan TV həmin gecə 18-ci polis bölməsində növbədə olan baş leytenantın kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərib. Meydan TV-nin sualları arasında həmin gecə bölmədə növbədə olan əməkdaşların kimliyi, qadının iddiası ilə bağlı hər hansı xidməti araşdırma aparılıb-aparılmadığı və polis əməkdaşının məsuliyyətə cəlb olunub-olunmayacağı da olub.

Lakin DİN-dən Meydan TV-nin suallarına cavab verilməyib.
Mənbə
MeydanTV

AŞPA-da Sosial Demokrat fraksiyasının rəhbəri, məşhur Almaniyalı deputat Frank Şvabe AXCP sədri Əli Kərimlini azad etməy...
04/09/2026

AŞPA-da Sosial Demokrat fraksiyasının rəhbəri, məşhur Almaniyalı deputat Frank Şvabe AXCP sədri Əli Kərimlini azad etməyə çğırıb.

O, Avropa Məhkəməsinin Əli Kərimli ilə bağlı Azərbaycan hakimiyyətinə sorğusunu bu qeydlərlə özünün sosial şəbəkə hesabında paylaşıb:

"Əli Kərimli Azərbaycandakı 300 nəfərdən çox siyasi məhbusdan biridir. Avropa İnsan Hüquqları Məhkəməsi onun sağlamlıq vəziyyəti ilə bağlı indi reaksiya verir. Ən yaxşısı onu dərhal azad etmək olardı".

AXCP-nin Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev saxlanılıb.Bu barədə AXCP-nin mətbuat xidməti Natiq Ədilov məluma...
04/09/2026

AXCP-nin Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev saxlanılıb.

Bu barədə AXCP-nin mətbuat xidməti Natiq Ədilov məlumat yayıb.

O bildirib ki, Salayevi yaşadığı Salyan şəhərində saxlanılaraq Bakıya gətirilib. Ədilov deyir ki, ailəsinin verdiyi məlumata görə sentyabrın 3-ü axşam saatlarında Salayev bir neçə mülki geyimli şəxs tərəfindən izlənilib.

“Bu gün saat 12 radələrində Rövşən Bağırov adlı gənclə əvvəlcədən planlaşdırdıqları kimi rayon polis idarəsinə gediblər (Orda ikincinin avtomobil cəriməsini həll etmək üçün). Təxminən saat 14 radələrində onların saxlanılması barədə yaxınlarına xəbər çatıb” – deyə Ədilov qeyd edib.

Ədilov qeyd edib ki, hadisə ictimailəşdirdikdən sonra ailəsi ilə əlaqə saxlanılıb və onlar polis rəisi Nəzər Əskərov tərəfindən idarəyə dəvət olunublar. Əskərov saat 19-20 radələrində Salayevin hansı səbəbdən saxlanıldığı barədə məlumat veriləcəyini deyib.

AXCP-nin Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev 2023-cü il fevralın 7-dən həbs edilmişdi. Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. Salayev Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilmişdi. O, avqustun 7-də həbs müddətini başa vuraraq azadlığa çıxmışdı.

Cinayət işinin materiallarında iddia olunurdu ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanovu təhqir edib, yumruqla vurub, ardınca bıçaqla xəsarət yetirib.
Mənbə
MeydanTV

“QHT işi” üzrə 8 illik həbs cəzası almış ictimai fəal Asəf Əhmədovun apellyasiya şikayətinə sentyabrın 1-də Gəncə Apelly...
03/09/2026

“QHT işi” üzrə 8 illik həbs cəzası almış ictimai fəal Asəf Əhmədovun apellyasiya şikayətinə sentyabrın 1-də Gəncə Apellyasiya Məhkəməsində baxılıb.

Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məhkəmədə müdafiə tərəfinin diqqət çəkdiyi əsas məqamlardan biri Əhmədovun təqsirləndirildiyi maddələrdən biri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatması olub. Məhkəmə həmin maddə üzrə də birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Asəf Əhmədov iyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin ilin aprelində Asəf Əhmədov qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bağlı başlanmış və ictimaiyyətdə “QHT işi” adlandırılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, təkrar törədildikdə), 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Mənbə
MeydanTV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) beynəlxalq mətbuat azadlığı təşkilatı Azərbaycandan olan mühacir media qurumlarının...
03/09/2026

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) beynəlxalq mətbuat azadlığı təşkilatı Azərbaycandan olan mühacir media qurumlarının sosial media hesablarının bloklanması barədə bəyanat yayıb.

"CPJ Azərbaycandan olan aparıcı mühacir media qurumlarının - "Abzas Media", "Toplum TV" və “Azadlıq” qəzetinin "Instagram" və ya "Facebook" hesablarının "Meta" tərəfindən bloklanmasına səbəb olan zərərli və koordinasiyalı müəllif hüquqları şikayətləri dalğasından narahatdır", - bəyanatda deyilir.

"Bu hücumlar qonşu Qazaxıstan, Özbəkistan və Gürcüstanda mediaya qarşı edilən oxşar saxta müəllif hüquqları şikayətləri dalğasının ardınca baş verib və bir daha göstərir ki, avtoritar ölkələrdə mətbuatı susdurmaq üçün məzmun moderasiyası mexanizmlərindən artan sui-istifadənin qarşısının alınması sosial media platformları üçün təcili məsələdir", - təşkilat əlavə edib.

Bu yaxınlarda "Toplum TV" də daxil olmaqla bir sıra müstəqil media orqanlarının sosial media hesabları müəllif hüquqları iddiası ilə "Meta" tərəfindən bloklanıb.

Media orqanları birgə bəyanat yayaraq bunu hakimiyyətin sifarişi adlandırıb.
Mənbə
MeydanTV

“Kərimə dövləti” qurmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum olunan Mirvasid Əliyev məhkəmənin qərarı il...
01/09/2026

“Kərimə dövləti” qurmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum olunan Mirvasid Əliyev məhkəmənin qərarı ilə 6 ay müddətinə Umbakı Penitensiar Kompleksinin qapalı tipli həbsxanasına köçürülüb.

Bu barədə Meydan TV-yə onun anası Sənəm Əliyeva məlumat verib.

Ananın sözlərinə görə, Mirvasid Əliyevin saxlanma rejiminin dəyişdirilməsi üçün 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Vüsal Aslanov məhkəməyə müraciət edib. Müəssisə rəhbəri Əliyevin “islah olunmadığını” əsas gətirərək onun 3 il müddətinə qapalı tipli həbsxanaya keçirilməsini istəyib.

Məhkəmə müraciəti qismən təmin edib və Mirvasid Əliyevin 6 ay müddətinə Umbakı Penitensiar Kompleksinin qapalı tipli həbsxanasında saxlanılması barədə qərar çıxarıb. Qərardan sonra Əliyev həmin müəssisəyə köçürülüb.

Sənəm Əliyeva oğlunun bundan əvvəl, iyunun 20-də Umbakı Penitensiar Kompleksindən 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü deyir.

Onun sözlərinə görə, Mirvasid Əliyev 2 saylı müəssisəyə gətirildiyi gündən müxtəlif intizam tənbehləri ilə ümumilikdə 6 dəfə “kars”a salınıb və ümumi yaşayış zonasına buraxılmayıb.

Ana müəssisə rəhbərliyinin oğlunun “islah olunmaması” və digər məhbuslar arasında təbliğat aparması ilə bağlı məhkəməyə təqdim etdiyi əsaslandırmalarla razılaşmır.

Onun sözlərinə görə, Mirvasid Əliyev müəssisəyə gətirildikdən sonra əvvəlcə karantində, daha sonra isə cərimə kamerasında və qapalı rejimdə saxlanıldığı üçün digər məhbuslarla geniş ünsiyyət imkanına malik olmayıb.

“Deyirlər ki, səhər və axşam otağın yoxlanılmasına mane olur, mənfi davranışlı məhkumlara meyil göstərir, kitab oxumur, müəssisə əməkdaşları ilə p*s rəftar edir. Mirvasid ora gələn gündən əvvəl karantində, sonra ‘kars’da və qapalı rejimdə saxlanılıb. Belə olan halda onun digər məhbuslara təsir göstərməsi barədə deyilənləri necə başa düşmək olar?” – Sənəm Əliyeva deyib.

Onun bildirdiyinə görə, Mirvasid Əliyevin saxlanma rejiminin dəyişdirilməsi ilə bağlı məhkəmə iclası cəzaçəkmə müəssisəsinin ərazisində, qapalı şəraitdə və vəkilin iştirakı ilə keçirilib.

Mirvasid Əliyevə 2023-cü ilin fevralında “Kərimə dövləti” qurmaqda ittiham olunan daha 12 nəfərlə birlikdə hökm oxunub.
Mənbə
MeydanTV

Adresse

Bahnhofstr
Munich

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von ANHEL Xəbər Agentliyi erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Service Kontaktieren

Nachricht an ANHEL Xəbər Agentliyi senden:

Verknüpfungen

Teilen